XVIII tur 2 klubda 3 yubileylə əlamətdar olub
Topaz Premyer Liqasının başa çatan XVIII turu 2 klubda 3 yubileylə əlamətdar olub. Premyer Liqaya ötən mövsüm yüksələn “Rəvan” və “Sumqayıt” burada 50-ci matçlarını keçiriblər. Onların hər ikisi 2011/12 mövsümündə 32 dəfə meydana çıxmışdı. Cari mövsümdə isə bu komandalar 18-ci, ümumilikdə isə 50-ci matçlarını keçirdilər.

Mövsümyarım ərzində bir neçə dəfə baş məşqçisini dəyişən “Rəvan”dan fərqli “gənclik şəhəri” təmsilçisi elə Premyer Liqadakı ilk gündən indiyədək almaniyalı Bernhard Raabın rəhbərliyi altında çıxış edir. Bu isə o deməkdir ki, alman mütəxəssis də Premyer Liqada 50-ci matçını keçirib.

Lakin yubileylər fərqli olub. “Sumqayıt” əlamətdar qarşılaşmada “Kəpəz” üzərində əzmkar qələbə qazana bilib – 2:1. “Rəvan” isə “Simurq”la səfər qarşılaşmasında 0:1 hesabı ilə uduzduqdan sonra baş məşqçisi Kemal Alispahiçi istefaya göndərib.

Qeyd edək ki, paytaxt təmsilçisi 50 oyunda 14 qələbə qazanıb, 15 heç-heçə edib və 21 dəfə uduzub. Bu matçlarda “Rəvan” 55 qol vuraraq 68-ni buraxıb və 57 xal toplayıb.

“Sumqayıt” və Raab isə 11 dəfə qalib gəlib və eyni sayda heç-heçə etməklə yanaşı 28 dəfə meydanı xalsız tərk edib. Bu qarşılaşmalarda sumqayıtlılar 44 qol vuraraq 84-nü buraxıblar. Onlar vurduğu qolların sayı qədər xal əldə ediblər.

Xəbər 841 dəfə oxundu.