Usmanov «Arsenal»a sahib olmaq istəyir
London «Arsenal»ının səhmlərinin 30 faizinə sahib olan rusiyalı iş adamı Alişer Usmanov gələcəkdə klubun tam sahibi olmaq istədiyini bildirib. İdman.com.az saytının məlumatına görə, ğaş məşqçinin istefasını tələb edən klub azarkeşlərindən fərqli olaraq CNBC kanalına müsahibə verən iş adamı Arsen Vengeri dəstəkləyib. Usmanov klub rəhbərliyinin son 5 ildə məşqçini transfer siyasətində lazımi səviyyədə dəstəkləməməkdə ittiham edib.

Bu fikrini o, ilk növbədə yayda Robin van Persinin 24 milyon funta «Mançester Yunayted»ə satılması ilə əlaqədar bildirib. Niderlandlı indi «qırmızı şeytanlar» üçün vurduğu 12 qolu ilə Premyer Liqa bombardirlərinin, şərikli olsa da, lideridi. Venger o zaman van Persini qorumağa çalışırdı. İndi isə «Mançester Yunayted» çempionatda liderliyi ələ alaraq çempionluğu hədəfləyib, «Arsenal» isə ondan 15 xal geri qalır.

Usmanov bu barədə deyib: «Van Persini satmaq qərarı səhv idi. Əgər mən Vengerin oyunçularından biri olsaydım, çempionatın sonunadək komandada qalardım. Ancaq məşqçi izah etdi ki, Robin mükafatlar uğrunda oynamaq istəyir». Usmanov həm də bildirib ki, komandanın transfer siyasətinə təsir göstərmir. Belə ki, nəzarət edə bilmədiyi işlərə qarışmır: «Mən heç vaxt icraçı direktora oyunçu alışı ilə bağlı hansı planlarımın olduğunu söyləmirəm. Sadəcə soruşuram ki, mənim köməyim lazımdı, ya yox?»

Bu söhbətdə əsas diqqəti çəkən isə Usmanovun klubun tam hüquqla sahibi olmaq istəyini bildirməsidi. Klubun hazırkı kommersiya fəaliyyəti onda bir çox suallar doğurur. Usmanov nəzarət paketini ələ alacağı təqdirdə bu fəaliyyətin effektliyini artırmaq niyyətindədi: «Baxıb görərik ki, gələcəkdə nə olacaq – ola bilsin bir gün yuxudan «Arsenal»ın sahibi kimi oyanacağam».
İş adamı onu da bildirib ki, yaxın gələcəkdə klubda transfer xərclərinin və futbolçuların maaşlarının azaldılmasını gözləyir.

Xəbər 1018 dəfə oxundu.