“İnter” zirvəqə qayıtdı
Bu gün Topaz Premyer Liqasında XVIII turun son 2 oyunu keçirilib. İdman.com.az saytının məlumatına görə, 2012-ci ilin son turunun qarşılaşmaları Bakıda baş tutub. Hər 2 matçda da paytaxt klubları münasibətlərini ayırd edib.

Öncə meydana “İnter”lə “Bakı” çıxıb. Bu qarşılaşmanın taleyini 1 qol həll edib. Qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Baçana Sxadadze komandasına növbəti 3 xalı qazandırıb.

Bu qələbə sayəsində “İnter” xal hesabında “Simurq”a çatıb. Top fərqinə görə zaqatalalıları arxada qoyan paytaxt təmsilçisi yenidən zirvəyə sahib çıxıb. Lakin bu hələ “İnter”in qış çempionu olması anlamına gəlmir. Çünki dekabrın 25-də “Neftçi”yə uduzacağı halda “İnter” liderliyi və qış çempionluğunu “Simurq”a qaytara bilər. Lakin bunun üçün “Neftçi” 2 və ya daha çox top fərqilə qalib gəlməlidir. Əslində 2 top fərqi ilə uduzmaq da lideri dəyişməz saxlaya bilər. Amma bunun üçün Kaxaber Sxadadzenin yetirmələri ən azı 3 top vurmalıdır.

“Neftçi” ilə AzAL arasında qarşılaşma isə daha məhsuldar alınıb. Son 2 ilin çempionu o qədər də çətinlik çəkmədən 3 xalı qazanıb. Bununla da “Neftçi” 4-cü pilləyə yüksəlib.

Lakin “ağ-qaralar” baş məşqçisini də itirib. Belə ki, qarşılaşmanın 62-ci dəqiqəsində texniki zonadan qovulan Böyükağa Hacıyev ən azı 1 oyunluq cəzalanıb “İnter”lə ilin son matçını da buraxmalı olacaq.

Topaz Premyer Liqası. XVIII tur
22 dekabr (şənbə)

“İnter” – “Bakı” - 1:0
Qol: Baçana Sxadadze, 60 (pen.)
Hakimlər: Rauf Cabbarov, İlham Əliyev, Coşqun Həsənov, Feyzulla Feyzullayev
“Şəfa” stadionu

“Neftçi” – AzAL - 4:2
Qol: Flavinyu, 18; Julius Vobay, 36; Rəşad Sadiqov, 67; Cavid İmamverdiyev, 90 - Zohair Benouahi, 78; Junior Nildo, 90+3 (pen.)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Elşən Acalov, İnqilab Məmmədov
8-ci km. Stadionu

Xəbər 1050 dəfə oxundu.