BATE - “Fənərbaxça” oyununu dəyərləndirib
Serbiya yığmasının sabiq futbolçusu Matey Kejman Avropa Liqasının 1/16 final mərhələlərində qarşılaşacaq BATE - “Fənərbaxça” oyununu dəyərləndirib. Hər iki klubda çıxış edən hücumçu “sarı-bülbüllər”in işinin çətin olacağını bildirib.

2011-ci ildə Belarus klubunun formasını geyinən Kejman BATE-nin çox intizamlı komanda olduğunu vurğulayıb:

“BATE həm intizamlı həm də müdafiə futbolu oynayan kollektivdir. Onların “Barselona”da da çıxış etmiş Aleksandr Qleb kimi ulduz oyunçuları var. Baş məşqçiləri də çox yaxşı bir çalışdırıcıdır. Belaruslular hər matçı ayrı düşünüb, üzərilərində işləyirlər. Həmçinin “Fənərbaxça”nı da çox yaxşı analiz edəcəklər”.

Təcrübəli futbolçu hava şəraitinin də İstanbul klubu üçün çətin olacağını dilə gətirib:

“Belarusda havalar çox soyuq keçir. Bu da BATE üçün bir üstünlük deməkdir. Stadion da buzla örtülür. Bu da “Fənərbaxça”nın işini çətinləşdirəcək”.

Qeyd edək ki, “Fənərbaxça” Avropa Liqasının C qrupunu lider kimi tamamlayıb.

Xəbər 865 dəfə oxundu.