AFFA qalibləri mükafatlandırdı
Bu gün "Hilton Baku" otelində milli komandaların ən yaxşı futbolçularının mükafatlandırma mərasimi keçirilib. İdman.com.az saytının məlumatına görə, aparıcı Nəsib Nur mərasimlə bağlı ətraflı məlumat verərək bildirib ki, artıq dördüncü dəfə təşkil olunan bu tədbir ənənə halını alıb. Qaliblərin müəyyən olunması qaydalarını xatırladan aparıcı qeyd edib ki, səsvermənin nəticəsi AFFA-nın saytında yerləşdiriləcək. Sonra çıxış üçün söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib:

"Hörmətli tədbir iştirakçıları, xanımlar və cənablar!
İlk növbədə, bugünkü tədbirdə hər birinizi salamlayıram.
Bildiyiniz kimi, artıq dördüncü dəfədir ki, AFFA tərəfindən milli komandaların ən yaxşı futbolçusunun mükafatlandırılması mərasimi keçirilir. Bu tədbir artıq ənənə halını alıb. Azərbaycan futbol ailəsinin üzvlərinin belə bir mərasimdə bir araya gəlməsi, düşünürəm ki, hər birimiz üçün çox xoşdur.

Qaliblərin müəyyən olunması proseduru da hər birinizə məlumdur. Bütün nominasiyalarda qalibləri mövsüm ərzində həmin futboçularla biləvasitə ünsiyyətdə olan şəxslər – məşqçilər və futbolçular seçirlər. Futbol komanda oyunudur və buna görə də, hesab edirəm ki, təkcə sorğuda qalib gələrək mükafatlandırılan futbolçular deyil, onların bütün komanda yoldaşları da bugünkü tədbirdə qaliblərlə eyni cərgədədirlər.

Bu il ölkə futbolunda çox əlamətdar hadisələrin şahidi olduq. FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 uğurla təşkil olundu. Bununla nümayiş etdirdik ki, ölkəmiz böyük beynəlxalq turnirləri yüksək səviyyədə təşkil etməyə qadirdir.

"Neftçi" klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı və hesab edirəm ki, debüt ili üçün yaxşı nəticə göstərdi.

Milli komandamız dünya çempionatının seçmə mərhələsində ev və səfər oyununda heç-heçəyə nail oldu. Ümid edirəm ki, uğurlarımız davamlı olacaq və biz yeni qələbələrə sevinəcəyik.

Hər birinizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm!

Diqqətiniz üçün minnətdarlığımı bildirirəm".

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək 2012-ci ilin ümumilikdə Azərbaycan idmanı üçün əlamətdar olduğunu bildirib və qaliblərə təbriklərini çatdırıb.
17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqçilər korpusunun rəyinə əsasən, komandanın 2012-ci il üçün ən yaxşı futbolçusu Aytac Şərifova seçilib. Qalibi elan etmək və mükafatı təqdim etmək üçün səhnəyə UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard dəvət olunub.

Futzal üzrə milli komandanın ən yaxşı futzalçısı üzrə sorğu futzal üzrə ölkə çempionatının yüksək dəstəsində iştirak edən komandaların baş məşqçisi, kapitanı və milli komandanın baş məşqçisi arasında keçirilib. Səs çoxluğu ilə Vitali Borisov 2012-ci ildə futzal üzrə Azərbaycan milli komandasının ən yaxşı oyunçusu seçilib. Mükafatı Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Nazim Süleymanov təqdim edib.

Çimərlik futbolu üzrə milli komandanın ən yaxşı futbolçusu seçilmiş Zeynal Zeynalova mükafatı vermək üçün səhnəyə Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov dəvət olunub.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan milli komandasının ən yaxşı qapıçısı nominasiyasının qalibi üçün nəzərdə tutulmuş mükafatı Kamran Ağayevə təqdim edib.

Milli komandanın 2012-ci ildə ən yaxşı futbolçusunu elan etmək və ona mükafatı təqdim etmək üçün səhnəyə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dəvət olunub. B.Foqts zərfi açaraq qalibin Ruslan Abışov olduğunu elan edib.

Mükafatlar təqdim edildikdən sonra AFFA tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Mərasimin sonunda bütün nominasiyalar üzrə qaliblərə AFFA-nın partnyoru olan Azercell şirkəti tərəfindən xüsusi hədiyyələr verilib.

Xəbər 1268 dəfə oxundu.