Ağır atletika üzrə Qran-Pri - “Bakı Beynəlxalq Kuboku”na yekun vurulub
Bakıda keçirilən ağır atletika üzrə Qran-Pri - “Bakı Beynəlxalq Kuboku”na yekun vurulub. Azərbaycan millisi turniri 2 qızıl və 2 bürünc medalla başa vurub.

Belə ki, yarışın son günü 69 kq çəki dərəcəsində kişilər arasında Avropa çempionu Əfqan Bayramov və yeniyetmələr arasında dünya rekordçusu, gənclər arasında Avropa çempionu Firudin Quliyev qüvvələrini sınayıblar. Yeni istifadəyə verilmiş Ağır Atletika Akademiyasına toplaşan idmansevərlər möhtəşəm mübarizə izləyiblər. Qızıl medal uğurundakı “döyüş” təmsilçimiz Firudin Quliyevin qələbəsi ilə yekunlaşıb.

18 yaşlı ağırlıqqaldıranımız toplamda 330 kq (140 kq + 190 kq) nəticə göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medala sahib çıxan rusiyalı idmançı Oleq Çen də eyni çəkini (155 kq + 175 kq) qaldırıb. Ancaq Firudinin şəxsi çəkisi rəqibindən az olduğundan qızıl medallar məhz ona qismət olub.

Bürünc medala isə Bayramov yiyələnib. O, toplamda 324 kq-la (141 kq + 183 kq) üçüncü pilləyə sahib çıxıb.

Qeyd edək ki, “Bakı Beynəlxalq Kuboku”nun ilk günündə Valentin Xristovla Zülfüqar Süleymanov (hər ikisi 62 kq) müvafiq olaraq, 1-ci və 3-cü yeri tutmuşdular.

Xəbər 1418 dəfə oxundu.