Nuri Şahin Dortmunda dönə bilər
İngiltərə Premyer Liqasında «Liverpul»da icarə əsasında oynayan Nuri Şahin haqqında maraqlı bir xəbər ortaya atılıb. İdman.com.az saytının məlumatına görə, yarımmüdafiəçinin keçmiş klubu Dortmund «Borussiya»sı futbolçunu yenidən Almaniyaya qaytarmaq planlarını hazırlayır.

Keçən mövsüm böyük ümidlərlə Madrid «Real»ına transfer olunan türk futbolçu zədələrdən xilas ola bilməyərək «Kral klubu»nun formasına həsrət qalmışdı. Yenidən meydana dönməsi məqsədiylə «Liverpul»a yolladılan Nuri Şahin üçün indi dortmundlular əl-ayağa düşüblər.

Madrid «Real»ının baş məşqçisi Jose Mourinyunun heç cür gözünə girə bilməyən 24 yaşlı futbolçu «Liverpul»da da özünü göstərə bilməyərək, klubun formasıyla Premyer Liqada 7 qarşılaşmada cəmi 1 qol vura bilib. İspan nəhəngi ilə 2017-ci ilə qədər müqaviləsi olan Nuri Şahinin «Liverpul» macərasının ardından «Real»a yenidən dönməsi xeyli çətin görünür.

Xəbər 827 dəfə oxundu.