Bu oyunda kim uduzdu, kim uddu…
Şahmatçılarımızın oyunlarının müqayisəli-statistik təhlili


III yazı

Şəhriyar Kramniklə oyunlarda ilk gedişi edəndə, bir qayda olaraq, heç-heçə qeydə alınır. Bu hal cəmisi 5 dəfə baş verib. Əks tərəfdə isə rusiyalının 3 görüşdə 2 qələbəsi var. Teymurun Kramniklə qara fiqurlarla oynadığı hər iki partiya heç-heçə başa çatıb. Vüqar Həşimovun Kramniklə oyunu qeydə alınmayıb.
Şahmatçılarımızın öz aralarındakı görüşlərə gəldikdə, bu oyunlara onların arasında bir turnir prizmasından baxanda belə bir mənzərə yaranır: 1-2. V.Həşimov, T.Rəcəbov - hər ikisi - 5,5 xal (10 oyuna), 3. Ş.Məmmədyarov - 3 xal (8 oyuna).
Konkretləşdirsək, Teymurla Vüqarın 6 görüşünün hamısı heç-heçə nəticələnib. Bunlardan 4-ü Rəcəbovun, 2-si isə Həşimovun ağ fiqurlarla oynadığı oyunlarda baş verib. Onların hər ikisi Şəhriyarla oyunlarda 1 qələbə qazanıb, 3 heç-heçə edib. Şəhriyar hər iki halda məğlubiyyətini "qara"larla oynayanda alıb. Heç-heçələrdən isə Vüqarla görüşlərdə 2-si, Teymurla isə 1-i ağ fiqurlarla oynadığı oyunlarının payına düşür.
Azərbaycan qrossmeysterlərinin sırası "top-10" və ətrafında olan bu üç adla bitmir. Onların arasında hazırda "top-100"-də olanı da var, ora düşüb-çıxanı da, düşmək arzusunda olanı da, bəlkə bu ümidini itirəni də. FİDE ölkələrin reytinqini hesablayanda, 10 aparıcı şahmatçının göstəricilərini nəzərə alır. Bütün şahmatçılarımızın oyunlarının statistik təhlili imkanının bir yazı çərçivəsi xaricində olduğunu nəzərə alaraq, biz də elə ilk onluğumuza diqqət edək. Həm də müxtəlif səviyyələrdə eyni rəqəmlər eyni sözü demir və bu baxımdan yaxın kateqoriyaya aid şahmatçıları bu rəqəmlərlə müqayisəyə cəlb etmək olar.
"2700-lük"lərimizi ayrıca təhlil etdik; ikinci eşalon sayılanlarımızdan da bir qrupunu - yəni onluqdakı sonrakı "yeddi oğul"u rəqəm süzgəcindən keçirək. Bunlar Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Nicat Məmmədov, Azər Mirzəyev, Fərid Abbasov və Rəsul İbrahimovdur. Doğrudur, bu o demək deyil ki, kateqoriyalara ayıranda biz 10-cu şahmatçımızı 11-cidən fərqləndiririk. Ancaq hesablamalar üçün haradasa bu sayı məhdudlaşdırmaq lazım idi və buna görə də sərhədi qoyduq ənənəvi 10-luğun çərçivəsində.
Azərbaycan şahmatçıları arasında oyun məhsuldarlığı ilə seçiləni Azər Mirzəyevdir. Bu da, əsasən, onun məskən saldığı İspaniya turnirlərinin hesabınadır. Bu cəhətdən Azər ən yaxın opponentlərini belə, az qala 2 dəfə qabaqlayır. Onun hesabında 838 oyun var - 426-sı "ağ"larla, 412-si "qara"larla. 2-ci göstərici Fərid Abbasovdadır - 461 oyun (233 və 228). Aşağı göstərici Rəsul İbrahimovdadır - 253 (129 və 124).
Oyunların çoxluğu səbəbindən Azər Mirzəyev, demək olar ki, bütün nəticə göstəricilərində də rekordçudur - cəmi 415 qələbə, 353 heç-heçə, 70 məğlubiyyət; ağ fiqurlarla 227 qələbə, 167 heç-heçə, 32 məğlubiyyət; qaralarla 188 qələbə, 186 heç-heçə. Və yalnız "qara"larla məğlubiyyət sayına gəldikdə, ondan, demək olar ki, iki dəfə az oyun keçirmiş Eltac Səfərli daha çox uduzmağa imkan tapıb - 46 dəfə.
Bu yeddi şahmatçı arasında ən az udan da (112), uduzan da (14) Rəsul İbrahimovdur. Elə fiqurların rəng bölgüsü üzrə də o fərqlənir - "ağ"larla 65 qələbə, 5 məğlubiyyət, "qara"larla 47 qələbə, 9 məğlubiyyət. Heç-heçələrdə isə Qədir Hüseynov aşağı göstəriciyə malikdir (117). Ağ fiqurlarla onun 46 "sülh"ü var. Qara fiqurlarla bu cəhətdən seçilən Rəsul İbrahimovdur (47 heç-heçə).
Faizə görə ən yüksək qələbə göstəricisi Fərid Abbasovdadır (56%). Ən az məğlubiyyət isə Rəsul İbrahimovun payına düşür. O, keçirdiyi oyunların cəmi 6 faizində uduzub. Əks göstəricilər isə, bu yeddi şahmatçı arasında Rauf Məmmədovda (42% qələbə) və Eltac Səfərlidədir (15 faiz məğlubiyyət).
Müqayisə üçün deyək ki, lider şahmatçılarımızdan Teymur Rəcəbov hətta Raufdan da az qala ikiqat aşağı qələbə göstəricisinə malikdir - cəmi 22%. Amma bu fakt heç də nə Məmmədovun, nə də digərlərinin üstünlüyünə dəlalət etmir və yuxarıda söylədiklərimizin, təhlili fərqli qruplarda aparmağımızın əsaslı olduğunu sübut edir.
Heç-heçə faizi Rəsul İbrahimovda yuxarı (50%), Fərid Abbasovda aşağıdır (33%). Yüksək qələbə faizi ağ fiqurlarla oyunlarda Qədir Hüseynovda (62%), qara fiqurlarla Fərid Abbasovdadır (57%). Aşağı göstəriciyə görə, müvafiq olaraq, Rəsul İbrahimov (50%) və Rauf Məmmədov (32%) fərqlənirlər.
Məğlubiyyət baxımından az uduzan öyünə bilər. Rəsul İbrahimov "ağ"larla 4%, "qara"larla isə 7 faiz görüşündə yenilib. Nicat Məmmədovla ("ağ"larla 10%) Eltac Səfərlinin ("qara"larla 21%) öyünməyə əsasları yoxdur.
Heç-heçələrə gəldikdə, ağ fiqurlarla fərqli qütblərdə Qədir Hüseynovla (29%) Rəsul İbrahimov (46%), qara fiqurlarla Fərid Abbasovla (29%) Rauf Məmmədov (56%) dururlar.
Rəqəmlər bizə hələ çox söz deyə bilərdi. Lakin mövzumuzu bu dəfə elə burada tamamlayaq.

Xəbər 1880 dəfə oxundu.