“Şah oyun”da “Xəzər Lənkəran” sevindi
Bu gün Topaz Premyer Liqasında XVII tura start verilib. İdman.com.az saytının məlumatına görə, 3 gün davam edəcək turun ilk qarşılaşması Lənkəranda baş tutub. Turun mərkəzi matçında “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edib. Prinsipial rəqibi ilə xal fərqini aradan qaldırmağa çalışan meydan sahibləri erkən qolla hesabı açıblar. Künc zərbəsindən sonra Dmitrios Sialmas fərqlənib.

Bu qoldan sonra lənkəranlılar bir neçə dəfə 2-ci qolu vurmaq imkanı əldə ediblər. Lakin son oyunlarda olduğu kimi, yenə də cənublular bu şanslardan yararlana bilməyiblər. Əvəzində qonaqlar bərabərlik qolu vurublar. “Neftçi” buna penalti zərbəsindən sonra nail olub. Fariz Yusifovun təyin etdiyi zərbəni Orxan Sadıqlı dəf etməyi bacarsa da, Nikolas Kanales təkrar zərbə ilə hesabı bərabərləşdirib.

Bundan sonra da bir neçə qol imkanını qaçıran “Xəzər Lənkəran” yalnız matçın sonlarında istəyinə çatıb. “Neftçi”nin müdafiəçisi Mahir Şükürovla qapıçı Saşa Stamenkoviçin kobud səhvindən sonra Adrian Pit komandasına qələbə qazandıran topu vurub.

Qələbə sayəsində xallarının (24) sayını “Neftçi”yə çatdıran cənublular şəxsi görüşlərdə də bərabərliyə (1:2, 2:1) nail olub. Yalnız qələbə sayındakı üstünlüyə görə son çempion 5-ci, “Xəzər Lənkəran” 6-cı pillədə qalıb.

Xəbər 1014 dəfə oxundu.