London Olimpiadası günbəgün yaxınlaşır - II yazı
Kim, nə vaxt, harada və neçəyə?

Bizə lazım olan əsas məsələ hələ qabaqdadır. Yarışların təqvimi indidən çox böyük gümanla təmsil olunacağımız, həm də yaxından izləyəcəyimiz yarışların vaxtlarını müəyyənləşdirməyə imkan verir. Qeyd edək ki, həmişə olduğu kimi, olimpiadanın mübarizə meydanları açılış mərasimindən əvvəl qızışmağa başlayacaq.

Futbol (25 iyul-11 avqust) - 2 medal dəsti:
İyulun 25-də qadın, 26-da kişi futbolçular mübarizəyə başlayacaqlar. Oyunlar Koventri, Qlazqonun "Həmpden Park", Kardiffin "Millennium", Mançesterin "Old Trəfford", Nyukaslın "Sent Ceyms Park" stadionlarında və əfsanəvi "Uembli"də təşkil olunacaq. Qrup yarışları avqustun 1-dək, iyulun 27-si istisna olmaqla, hər gün keçiriləcək. Bu yarışlara 3 kateqoriyadan (A, B, C) olan biletlər satılacaq. "Uembli" istisna olmaqla, qalan biletlərin qiyməti standartdır: 40, 30, 20 funt. Mundial-66-da İngiltərə - Almaniya final matçından sonra, ədalətli qərarına və qərəzsiz idarəçiliyinə görə, kraliçanın öz əli ilə "qızıl fit" təqdim etdiyi Tofiq Bəhramovu dünyaya şöhrətləndirən arenaya girişin qiyməti 60, 45 və 30 funtdur. Bu məbləğ 1/4 final və qadınların yarımfinal oyunu üçün də keçərlidir. Avqustun 3-4-ünə planlaşdırılan digər 1/4 final oyunlarına daxil olmaq 50, 40, 20 funta başa gələcək. Bu qiymət qadınların avqustun 6-da "Old Trəfford"da keçiriləcək yarımfinalına da şamil olunur. Ertəsi gün, yaşıl örtüyünə Peleni həsrət qoymuş "Uembli"də, həm də Mançesterdə kişi futbolçuların yarımfinalına 125, 75 və ya 45 funta baxmaq olacaq.
Nəhayət, finallar və 3-cü yer uğrunda oyunlar. Qadınların hər iki matçı avqustun 9-da olacaq. Fəxri kürsünün sonuncu pilləsi uğrunda Koventridəki oyunu 60, 45, 30, "Uembli"dəki finalı isə 125, 95 və ya 65 funta izləmək olar.
Avqustun 10-da kişilərin mübarizəsində 3-cü yerin sahibini görmək üçün 75, 45, 30 funt ödəmək lazımdır. "Uembli" tarixində avqustun 11-nə planlaşdırılmış növbəti böyük final oyununda isə AA kateqoriyalı xüsusi biletlər də satışa çıxarılıb. Onu indidən 185, qalanlarını isə 125, 95 və 65 funta almaq olar.
Maraqlıdır ki, kişilərin yarımfinalına qədər bir nəfər 30 bilet ala biləcək. Amma, hər iki final istisna olmaqla, qalan görüşlərdə ələ 20 bilet verilə bilər. Qadın finalı üçün bir tamaşaçı 6, kişilərin həlledici oyununa isə 4 bilet almaq ixtiyarına malikdir.

Ağırlıqqaldırma (28 iyul-7 avqust) - 15 medal dəsti

"ExCell" salonunda keçiriləcək yarışların ilk günü yalnız qadınlar və ən aşağı çəkidə mübarizə aparacaqlar. Giriş 45, 65, 95 və 125 funtadır. Bu qiymət ayın 5-dək bütün ikinci seanslar üçün qüvvədə qalacaq. Birinci seansların qiyməti isə axıra qədər dəyişməyəcək: 20, 30, 45 və 65 funt sterlinq. İyulun 29 və 31-i, avqustun 1 və 3-ündə, birinci seanslar istisna olmaqla, qalan günlər bir nəfər yalnız 6 biletə sahib çıxa bilər.
Azərbaycan idmançılarının da arenaya çıxacağı bu günlərin təqvimi belədir: 29 iyul - kişilər 56 kq, qadınlar 53 kq; 30 iyul - kişilər 62 kq, qadınlar 58 kq; 31 iyul - kişilər 69 kq, qadınlar 63 kq; 1 avqust - kişilər 77 kq, qadınlar 69 kq; 3 avqust - kişilər 85 kq, qadınlar 75 kq. Avqustun 2-də yarış yoxdur. Ayın 4-də yalnız 94 kq-da mübarizə aparan kişilər ən güclünü müəyyənləşdirəcəklər. Avqustun 5-dən ikinci seansın bilet qiymətləri dəyişəcək. 75 kq-dan artıq çəki dərəcəsində qadınların mübarizə aparacağı gün ilk iki kateqoriyadan olan bilet 45 və 65 funt dəyərini saxlayacaq. A və B kateqoriyalarına 125 və 175 funt qiymətləri qoyulub. Avqustun 6-da 105 kq, 7-də isə bu çəkidən də ağır olanlar 4-illik olimpiya dövrünün ən güclü qəhrəmanının adını bəlli edəcəklər.
Atçılıq (28 iyul-9 avqust) - 6 medal dəsti

Bu idman növü 3 böyük proqrama bölünür. Hər kateqoriyadan olan yarışı da fərqləndirmək lazımdır. Yarışlar nümayişlə başlanacaq. Qrinviç-parkda keçiriləcək ilk iki gün fərdi və komanda yerişi yarışını 20, 40, 65 və 95, 3-cü gün - əsl cıdır çapmasını, sadəcə, 50 funta izləmək olacaq. Nəhayət, sonuncu gün konkur yarışı olacaq - 35, 55, 95 və 150 funta. Sonuncu gün 6, qalan vaxtlarda isə 20 biletə sahib olmaq mümkündür.
İyulun 31-də konkur yarışı başa çatdıqdan sonra həm fərdi, həm də komanda mükafatlandırması olacaq.
Birgülük istirahətdən sonra avqustun 2-dən cıdır düzündə ən nəfis yeriş müəyyən olunmağa başlanacaq. Burada da yarışların ilk iki günündə biletlərin qiyməti əvvəlki proqramın eyni günlərində olduğu kimi (20, 40, 65 və 95 funt) qalacaq. Bu günlərdə komandalar yarışacaq. Avqustun 7-də əvvəlki proqramın finalındakı qiymətlər (35, 55, 95 və 150 funt) qüvvədə olacaq. Bu dəfə komanda finalı və mükafatlandırma mərasimi keçiriləcək. Nəhayət, ayın 9-da fərdi sərbəst yeriş nümayişində qran-pri sahibini tapacaq. Bu cazibədar mübarizəni izləmək 65, 95, 175 və 275 funta başa gələcək.
Konkur yarışlarında da iki gün - avqustun 4-5-də fərdi və komanda seçmələri və 1-ci komanda mərhələsi olacaq. Tribunalarda 20, 40, 65 və 95 funtluq yerlər olacaq. Ayın 6-da komanda yarışının 2-ci mərhələsini və mükafatlandırma mərhələsini izləmək üçün, tribunadakı yerin mövqeyindən asılı olaraq, 35, 55, 95 və ya 150 funtdan keçmək lazım gələcək. Nəhayət, avqustun 8-də fərdi mübarizənin yekununu Qrinviç-parkdan canlı görmək üçün 65, 95, 175 və 275 funta bilet satılacaq.

Atletika (3-12 avqust) - 47 medal dəsti

İdmanın kraliçası, Olimpiya oyunlarının fəxri, ən çox medal dəsti oynanılan idman növündə mübarizəyə avqustun 3-dən start veriləcək və ənənə üzrə, bağlanış günündə marafon yarışı ilə yekun vurulacaq. Olimpizmin rəmzlərindən sayılan 44 km-lik qaçışın medal dəsti də elə bağlanış mərasimində təqdim olunur.
Atletlərin mübarizəsinə də biletlərin qiyməti müxtəlifdir: 20 funtdan 725-ə qədər. Hər şey yarışın mahiyyəti, məşhurluğu və diqqət mərkəzinə düşməsindən asılıdır. Məsələn, avqustun 3-də günorta seansına qədər mübarizəyə 20, 40, 65, 95 və 150 funta baxmaq olar. Bir ələ 20 bilet də verilir. Medal dəstinin kişilərdə ağırlıqatma, qadınlarda isə 10 min metrə qaçışın finalı oynanılacaq. Axşam tamaşasına ən ucuz giriş haqqı 50 funtdur (qalanları 95, 150, 295 və 450 funt). Üstəlik, bir nəfər cəmi 6 biletə sahib çıxa bilər.
Ertəsi də eyni mənzərə təkrarlanacaq. Bu dəfə kişilərdə 10 min metrin finalı, uzunluğa tullanma, 20 km-ə idman yürüşünün finalı, həmçinin əvvəlki gün olmuş ağırlıqatmanın medal dəstinin verilməsi mərasimi olacaq. Qadınlar bu dəfə atletikanın şah əsəri-100 metrin finalında ən güclünü müəyyənləşdirəcəklər. Avqustun 3-də keçirilmiş 10 min metrə qasışın, bundan savayı, həlledici mübarizəsi də olacaq diskatmanın və heptatlonun mükafatlandırma mərasimləri də bu günə təsadüf edir.
Avqustun 5-də qiymətlər bütün gün üçün eyni olacaq və yüksələcək. Bir nəfərin cəmi 4 bilet ala biləcəyi yarışlara aşağı kateqoriyalı bilet satılmayacaq. Tamaşaçı olmaq hüququ verən digər yerlərə məbləğ 50, 125, 295, 420 funtdur. Bu dəfə AA kateqoriyalı bilet də olacaq və onun dəyəri 725 funtdur. Məbləğin bu həddə çatmasının səbəbi də məlumdur: kişilər 100 metrin şahənşahının adını müəyyənləşdirəcəklər. Eyni zamanda, 3000 metrdə və çəkicatmada da qalib aşkarlanacaq. Medal paylanmasına gəldikdə, bu gün 10 min metr və uzunluğa tullanmada kişilər; 100, 400 m, həmçinin üçtəkanla tullanma və marafonda qadınlar fəxri kürsüyə çıxacaqlar.
Ayın 9-na kimi olan yarışlarda qiymətlər yenə ilk iki gündə olduğu səviyyədə qalacaq. Avqustun 6-da final yarışları belə olacaq: kişilər - 400 m, qadınlar şüvüllə tullanma və maneələri ötməklə 3000 m. Medallar kişilərdə bir gün əvvəldən qalmış 100 m-də, həmçinin sədləri dəf etməklə 400 m, maneələri keçməklə 3000 m və çəkicatmada, qadınlarda isə ağırlıqatmada paylanacaq.
Ayın 7-də axşam kişilərdə 400 metrin mükafatlandırması olacaq. Bundan başqa 1500 m, hündürlüyə tullanma və diskatmada final oynanılacaq. Qadınlar 100 m-də sədləri dəf edəcəklər, 3000 m-in maneələrində və şüvüldə medal alacaqlar.
8 avqust: kişilər 110 m-in sədlərini dəf edəcəklər; diskatma və hündürlüyə tullanmada mərasimlər təşkil olunacaq. Həmin vaxt qadınlarda 200 m-in və uzunluğa tullanmanın finalları, həmçinin 100 m-in sədlərinin mükafatlandırması, sədlərin 400 m-ində isə həm final, həm də medal verilməsi olacaq.
Avqustun 9-da kişilərdə 200 və 800 metrə qaçışda, üçtəkanla tullanmada həm final olacaq, həm də medal veriləcək. Sədləri aşmaqla 110 m-də, qadınlar isə yalnız nizəatmada final oynayacaqlar. Uzunluğa tullanma və 200 metrə qaçışda medal dəsti təqdim olunacaq.
Avqustun 10-da və 11-də - iki həlledici gün yarışlar yalnız axşam keçiriləcək. Biletlər AA kateqoriyası üçün 725 funtluq gündəki kimi satılacaq. Kişilərdə 4x400 metrə estafet yarışının və şüvüllə tullanmanın finalı və onnövçülüyün mükafatlandırılması olacaq. Qadınlar 1500 metrin finalında yarışacaqlar. 4x100 metr estafetinin və çəkicatmanın həm finalı olacaq, həm də medalı veriləcək. Nizəatanlar yalnız fəxri kürsüyə çıxacaqlar.
Sonuncu gur yarış günündə mərasimlər bir-birini əvəzləyəcək. Kişilərdə 3 final olacaq - nizəatma, 5000 m və 4x100 m estafeti. Bu proqramlarla yanaşı, 4x400 m estafeti, şüvüllə tullanmanın, həmçinin 50 km-ə keçiriləcək idman yürüşünün mükafatlandırmaları da baş tutacaq. Qadınlar isə finalı 800 m, 4x400 m estafetində keçirəcək, 20 km-ə idman yürüşü edəcəklər. Bu proqamlardan savayı, hündürlüyə tullanma və çəkicatmada da fəxri kürsüyə qalxanlar alqışlanacaq.
Oyunların sonuncu günü kişi marafonçuların mübarizəsini 20, 30 və 50 funta izləmək mümkün olacaq. Mükafatlandırma mərasimi isə, aydın məsələdir ki, bağlanışın tərkib hissəsindədir.

Avarçəkmə (28 iyul-4 avqust) - 14 medal dəsti
Vaxtilə Azərbaycanda populyarlıq qazanmış və indi yenidən dirçələn avarçəkmə üzrə olimpiya yarışları, bir qayda olaraq, iki hissəyə bölünür. Avar üzrə yarışlar ayrı, kanoe və kayak yarışları isə ayrı proqram əsasında təşkil olunur. Bukingemşirdəki "Eton Dorni" mərkəzində keçiriləcək avarçəkmə yarışlarında biletlər iki qismə bölünür. Birinci 4 günün (28-31 iyul) - seçmə mərhələlərin biletləri 20, 40, 50, 65 və 95 funta satılacaq. Qalan tarixlərdə (1-4 avqust) 30, 50, 70, 95, 150 funtluq məbləğdən söhbət gedəcək. Maraqlıdır ki, avqustun 3-4-də qiymətlərdə dəyişiklik olmasa da, hər bilet bir kateqoriya yuxarı dəyərləndiriləcək.
Avqustun 1-də 2 (qadınlar) və 8-nəfərlik (kişilər), eləcə də 4-nəfərlik qoşaavarlı (qadınlar) qayıqlarda qaliblər müəyyənləşəcək. Ertəsi kişilərdə 4-nəfərlik yüngül, ikinəfərlik qoşaavarlı, qadınlarda isə 8-nəfərlik qayıqlarda ən güclülər mükafatlarını alacaqlar. Ayın 3-4-də yalnız finallar oynanılacaq. Biletlərin kateqoriya dəyişikliyi də məhz buna görədir. 3-də kişilərdə cütlər, birnəfərlik və dördnəfərlik qoşaavarlı qayqlarda qaliblərlə yanaşı, qadınlarda ikinəfərlik qoşaavarlı yarışın mükafatçıları olimpiya medallarına yiyələnəcəklər. Ayın 4-də 4 mərasim təşkil olunacaq. Kişilərdə dördnəfərlik qayıqlarda və qadınlarda birnəfərlik qoşaavarlılarda qaliblər müəyyən olunacaq. Həm kişi, həm də qadınlarda yüngülçəkili ikinəfərlik qoşaavrlı qayıqların son dördillikdə ən yaxşılarının adları da bu gün bilinəcək.

(Ardı var)

Xəbər 1566 dəfə oxundu.