Qızmar ayın qızğın günləri
İyul ayının ikinci yarısı qızğın şahmat yarışları dövrüdür. İyulun 15-dən 26-dək Çinin Ninbo şəhərində komandalar arasında dünya çempionatı keçiriləcək. Yarışa Azərbaycan yığması ilə yanaşı, Çin, Rusiya, Ukrayna, Macarıstan, Hindistan, ABŞ, İsrail, Misir və Ermənistan seçmələri də qatılacaq. Azərbaycan yığması hələ ki, yarışa qatılacaq dəqiq heyəti müəyyənləşdirməyib. Zurab Azmayparaşvilinin gedişindən sonra komandanın kapitanı vəzifəsi də hələ ki, boş qalır. Bu kürsünün sahibinin bu ayın sonuna müəyyənləşəcəyi gözlənilir. Azərbaycan şahmatının hazırkı lideri, yığmanın üzvü Şəhriyar Məmmədyarov heyətin bəlli olmamasına baxmayaraq, yığmamızın Çinə iddialı yollanacağına əmindir. Şəhriyar azerisport.com-a müsahibəsində çempionatla bağlı fikirlərini belə açıqlayıb: "Hazırkı vəziyyətdə komanda dünya çempionatı haqqında nəsə deməyim çətindir. Hələ ki, Çinə hansı heyətlə gedəcəyimiz bəlli deyil. Lakin düşünürəm ki, bu, ən güclü dünya çempionatı olacaq. Hamı oraya böyük məqsədlərlə gedəcək".
Yarışa hələ 3 ay qalsa da, heyətlərinə müəyyənlik gətirən komandalar da var. Favorit sayılan son dünya çempionu Rusiyanın lideri Vladimir Kramnikə Çində güvənə bilməyəcəyi hələ bir ay öncə bəlli idi. Kramnik dünya çempionatı ilə eyni dövrdə fərdi turnirdə iştirak etməyə üstünlük verib. Bu, Dortmund turniridir.
Hazırda Rusiya yığmasına 7 namizədin adları bəllidir. Bunlar Aleksandr Qrişşuk, Sergey Karyakin, Yan Nepomnyaşi, Yevqeni Tomaşevski, Nikita Vityuqov, Petr Svidler və son Avropa çempionu Vladimir Potkindir. İndi ruslara bu siyahını bir qədər qısaltmaq və lövhələr üzrə bölgünü aparmaq qalır.
Heyətini tam dəqiqləşdirənsə hələlik yalnız çinlilərdir. Çempionata evsahibliyi edəcək yığmanın şərəfini Van Yu, Van Hao, Li Hao, Yu Yandji və ölkəsinin yeni çempionu Li Ren Dinqu qoruyacaqlar.
İylun ikinci yarısının digər mötəbər yarışlarına gəldikdə, yuxarıda qeyd etdiyimiz Dortmund yarışı həmin ayın 21-31-də keçiriləcək. Sayca 39-cu "Sparkassen Chess Meeting" turnirində 6 şahmatçı iştirak edəcək. Baş mükafat uğrunda V.Kramnik (Rusiya), R.Ponomaryov (Ukrayna), H.Nakamura (ABŞ), A.Giri (Niderland) Q.Mayer (Almaniya) və Le Kuanq Lyem (Veytnam) mübarizə aparacaqlar. İştirakçılar iki dövrədə yarışacaqlar.
Azərbaycan şahmatsevərlərinin diqqəti isə həmin dövrdə dünya çempionatı ilə yanaşı, Dortmund turniri ilə eyni say və sistemli digər yarışa yönələcək. İyulun 16-dan 29-dək İsveçrənin Bil şəhərində öz mötəbərliyinə və heyətinə görə, Dontmund turnirindən geri qalmayan yarışda ölkəmizin təmsilçisi Vüqar Həşimov da mübarizə aparacaq. Dünya reytinq ikincisi - Norveç şahmatçısı Maqnus Karlsen yarışda Vüqarın əsas rəqibi olacaq. Mübarizəyə qatılacaq daha bir şahmatçı isveçrəli Yannik Pelletyedir. Şahmat festivalının digər iştirakçılarının adları bir qədər sonra məlum olacaq.

Xəbər 1262 dəfə oxundu.