"Atasport" Çempionlar Kuboku üçün Hollandiyaya yollandı
Dünən gecə Bakının qadın otüstü hokkeyçilərdən ibarət "Atasport" klubu Avropa Çempionlar Kuboku uğrunda turnirə yola düşüb.
Hollandiyanın Hertogenboş şəhərində keçiriləcək yarış aprelin 22-də start götürəcək və 4 gün davam edəcək. Komandanın səfərə tez yollanmasının səbəbi idmançıların turnirin keçirildiyi yerin iqlim şəraitinə uyğunlaşmasıdır.
"Atasport" "D" qrupunda yer alan İngiltərə və Hollandiya klubları ilə birgə yarışacaq. Sonra, qeyd olunduğu kimi, qonşu "C" qrupuna daxil olan İspaniya, Almaniya və Rusiya klublarının biri ilə "pley-off"-da görüşəcək.
Səfər ərəfəsində "Atasport" və milli komandamızın baş məşqçisi Kim Giyesoo hokkeyçilərimizin yüksək əhval-ruhiyyədə olduğunu bildirərək qeyd edib ki, "Qızlarımız qarşıdakı kubok yarışında ən azı ötən mövsümdəki nəticəni təkrarlamağa və artığına qadirdir. Odur ki, 2005-ci ildən qitənin ən nüfuzlu turnirində ilk 4-lükdə qərarlaşan və 2 dəfə (2005-də gümüş, 2009-da bürünc) mükafata layiq görülən klubun ənənələrini davam etdirməliyik" deyə koreyalı baş məşqçi bildirib.
Ötən il müəyyən obyektiv səbəblər üzündən qitəmiqyaslı kubok yarışlarına gedə bilməyən kişi otüstü hokkeyçilərdən ibarət "Akkord" klubu isə bu il öz arzusunu reallaşdıracaq. Azərbaycan çempionu 10-13 iyunda Slovakiyanın Bratislava şəhərində "Çelenc IV" turnirində mübarizə aparacaq. "Akkord"un "A" qrupundakı rəqibləri Sloveniyanın "Moravski Teplitse"(10 iyun), Türkiyənin "Qaziantəp Polisgücü"(11 iyun) və yerli "Raca"(12 iyun) komandaları olacaq. Bir gün sonra Azərbaycanın şirkət təmsilçisi qrupda tutduğu yerə müvafiq "çarpaz" üsulla digər qrupun nümayəndəsi ilə qarşılaşacaq: 4A-3B, 3A-4B, 2A-1B, 1A- 2B. Bu oyunlardan sonra kimin yüksək diviziona keçməsinə aydınlıq gətiriləcək.

Xəbər 1367 dəfə oxundu.