Sabiq “Qalatasaray”lı “Neftçi”yə təklif olundu
“Neftçi”nin qış transfer pəncərəsi dövründə bir neçə transfer edəcəyi dəqiqdi. Son günlər isə paytaxt klubunun məşhur futbolçu, vaxtı ilə “Liverpul” və “Qalatasaray”da oynamış Harri Kyuellə maraqlandığı barədə məlumatlar yayılır.

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov xəbərə reaksiya verib. Süleymanovun çıxışından belə aydın olur ki, avstraliyalı futbolçunu menecerlər həqiqətən də “Neftçi”yə təklif edib. Lakin indi onlar bu barədə heç nə düşünmürlər.
Qeyd edək ki, 34 yaşlı Harri Kyuell 1996-2003-cü illərdə İngiltərənin “Lids” (181 oyun, 45 qol), 2003-2008-ci illərdə “Liverpul” (98 oyun, 22 qol) klublarında çıxış edib. 2008-ci ildə “Qalatasaray”a keçən avstraliyalı ulduz 2011-ədək 61 oyunda 23 qol vurub. Son mövsümdə isə o, Avstraliyanın “Melbourne” klubunda çıxış edib (25 oyun, 8 qol).

Kyuell 1996-cı ildən çağırıldığı Avstraliya yığmasında 58 oyun keçirərək 17 qola imza atıb. “Liverpul”la 2004-2005 mövsümündə Çempionlar Liqasını qazanan, 2006-2007 mövsümündə bu turnirdə final oynayan futbolçu İngiltərənin Federasiya və Liqa kuboklarına sahib çıxıb, klublararası dünya çempionatında final oynayıb. “Qalatasaray”la Türkiyə Kubokunu başı üzərinə qaldıran Harri yığmanın heyətində Okeaniya Kubokunun qalibi olub, Asiya Kubokunun və FİFA Konfederasiyalar Kubokunun gümüş medallarını qazanıb.

Xəbər 796 dəfə oxundu.