AQF ölkədə qolfun təbliğatında səylərini davam etdirir
Federasiya bu məqsədlə İşçi Qrupları yaradıb

Azərbaycan Qolf Federasiyası (AQF) ölkədə qolfun təbliğatında, tanıdılmasında öz səylərini davam etdirir. AQF insanların qolf idman növünə cəlb olunması, onlarda qolfa marağı artırmaq məqsədilə federasiya daxilində İşçi Qrupları (AGF Workshops) yaradılıb. İşçi qrupları cəmiyyətin müxtəlif təbəqələri üçün, müxtəlif yerlərdə təqdimatlar, pulsuz seminarlar və treyninqlər keçirir.

“Bildiyiniz kimi, Azərbaycan Qolf Federasiyası bu il yaranıb və yarandığı gündən ölkə qolfunun inkişafı, qolf meydançalarının tikilməsi, akademiyaların yaradılması kimi qarşısına mühüm tapşırıqlar qoyub. Artıq regionlarda qolf meydançaları tikilir, paytaxtda akademiyalar yaradılır. Bu siyasətin davamı kimi, federasiya daxilində İşçi Qrupları yaradılıb, hansılarkı müxtəlif yaş qrupları üçün təqdimatlar və treyninqlər keçirir. Bu yöndə qruplar məktəbləri, ali təhsil ocaqlarını və digər yerləri ziyarət edir, qolf və AQF-nin fəaliyyəti haqqında məlumatlandırırlar” – deyə federasiyanın Baş Direktoru Dominik Nouton bildirib.

Federasiyadan idman.com.az saytına verilən məlumatına görə, eyni zamanda İşçi Qrupları müəllimlərə qolf müəllimi akkreditasiyasını almaq üçün seminarlar və treyninqlər keçirəcək.

Qeyd edək ki, AQF 2012-ci ilin əvvəllərində yaradılıb. Federasiyanın əsas missiyası Azərbaycanda idman növü olaraq qolfu inkişaf etdirmək, daha populyarlaşdırmaq və kütləviləşdirməkdir.

Xəbər 1989 dəfə oxundu.