«Yeni qaydalar cəld elementləri və riskli hərəkətləri stimullaşdırır» - MÜSAHİBƏ
Mariana Vasilyeva: İstəlilən məşqçi yaxşı nəticə istəyir

Baş məşqçi Mariana Vasilyevanın bədii gimnastika üzrə milli komandamızda işini uğurlu saymaq olar. Pekin olimpiadası ərəfəsində Azərbaycana gələn bolqarıstanlı mütəxəssis qısa zamanda öz sözünü dedi. Qızlarımız beynəlxalq arenalarda daha uğurlu nəticələr qazanmağa başladılar.
Artıq xeyli vaxtdır ki, Mariana xanım ölkəmizdədir. London oyunlarından sonra da vəzifəsində qalıb, işini davam etdirir. Bu günlərdə onunla əlaqə saxlayıb, qarşıdakı planlar barədə ətraflı söhbət etdik.

- Milli komanda son vəziyyət necədir?
- Hazırlıq mərhələsinə daxil olmuşuq. Məşqlərimiz yüksək ovqatda keçir. Gələn mövsümə yeni proqramlarla çıxış edəcəyik. 2013-cü ilin yanvarından bədii gimnastikada təzə qaydalar qüvvəyə minəcək. Çalışmalarımızı da, elə onun üzərində qururuq.

- Yeni qaydalar hansılardır?
- O 45 səhifədən ibarətdir, mən başlayım? (gülür)

- Xeyr. Sizi bununla yormaq istəməzdim. İmkan daxilində əsas məqamlara aydınlıq gətirin.
- Qısası, artıq maksimum qiymət əvvəlki kimi 30.00 deyil, 20.00 bal olacaq. Bu xallardan 10.00-nu ifaya, 10.00-nu çətinliyə görədir. Kardinal dəyişikliklər də var. Məsələn, hərəkətin təkrarına məhdudiyyətlər. Artistizim, rəqs, ifanın təmizliyi də böyük əhəmiyyət daşıyacaq.

- Sizcə, bu dəyişikliklər xeyirədir?
- Düşünürəm ki, bu bədii gimnastikanın inkişafına, onun tamaşaçılar tərəfindən başa düşülməsinə köməyinə görə yaxşıdır. Yeni qaydalar cəld elementləri və riskli hərəkətləri stimullaşdırır. Belədə hamı üçün baxımlı və maraqlı olacaq. Şəxsən mənim çox xoşuma gəlir.

- Aliyə Qarayevanın idmandan gedişi böyük itkidir. Yaxın gələcəkdə milli komandada onun yerini tuta biləcək idmançı varmı?
- Aliyə Qarayeva idmaçı karyerasını başa vurmasını hələ rəsmən elan etməyib. O, çıxışını davam etdirir. İtaliya və Meksikada keçirilmiş yarışlarda iştirak etməsi bunu bir daha təsdiqləyir. Yeni mövsümə 4 fərdi gimnastımız hazırlaşır: Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsurə Bağıyev və Marina Durunda. Onların hansının lider olmasını söyləmək hələ tezdir. Çünki qızlarımız çox gəncdir. Amma hamısı perspektivlidir. Hansı idmançı beynəlxalq arenada özünü yaxşı tərəfdən göstərəcək, o da yaxın gələcəkdə milli komanda mövqeyini yaxşılaşdıracaq.

- Mariana xanım, adətən olimpiya oyunlarından sonra federasiyalarda baş məşqçilərin vəzifəsində qalıb-qalmaması məsələsinə baxırlar. Sizdə vəziyyət necədir?
- İşləməyə davam edirik.

- Milli komandanın qarşıdakı mövsümə hədəfləri nədən ibarət olacaq?
- İlk növbədə, məqsəd qızlarımızın tapşırıqları yüksək ustalıqla yerinə yetirməsi və Avropa və dünya çempionatlarına yaxşı hazırlaşmalarıdır. Mən hər bir gimnastın qarşısına konkret məqsəd qoymuşam. Birlikdə ona çatmalıyıq.
İndidən nəsə söyləməyəcəyəm. İstəlilən məşqçi yaxşı nəticə istəyir. Əlbəttə, mən də buna çalışacağam.

Söhbətləşdi: Kamran HACI
İdman.com.az


Xəbər 3216 dəfə oxundu.