Prezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev Astaraya səfəri çərçivəsində aprelin 15-də Olimpiya İdman Kompleksinin tikintisi ilə tanış olub. Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, kompleksin inşasına “Azərbaycan Respublikası regionlarının, o cümlədən Lənkəran şəhəri, Astara, Lerik, Masallı və Yardımlı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2005-ci il 14 sentyabr tarixli Sərəncamına əsasən başlanmışdır. Beş hektaradək ərazidə aparılan tikintiyə 2007-ci ilin yayında başlanmışdır. Baş plana əsasən, müasir memarlıq üslubunda, səkkizguşəli ulduz formasında inşa ediləcək kompleksdə ikimərtəbəli əsas universal idman zalı korpusu olacaqdır. İdman zalında min nəfərlik tribuna, trenajor və məşq zalları, foye, qarderob, məlumat stolu, yeməkxana, inzibati otaqlar, tibb, məşqçi və hakim otaqları və s. yaradılacaq.
Bildirildi ki, ikimərtəbəli üzgüçülük hovuzunun binasında 200 yerlik tribuna, uzunluğu 51 metr, eni 31 metr olan hovuz, məşqçi, hakim, inventar otaqları, yeməkxana və digər texniki otaqlar inşa ediləcəkdir. Baş plana əsasən, ikimərtəbəli 4 kottec, futbol, basketbol, tennis və voleybol meydançaları, qaçış yolu, yerüstü avtomobil dayanacağı da inşa olunacaqdır. Kompleksə müstəqil qaz, su, kanalizasiya, elektrik, rabitə xətlərinin çəkilməsi və ayrılmış sahənin hasarlanması, yaşıllıqların və istirahət zolaqlarının salınması, binaların müasir avadanlıqla təchiz edilməsi, havalandırma və digər qurğuların quraşdırılması nəzərdə tutulmuşdur. Kompleks bu ilin sonunadək təhvil veriləcək.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi.

AzərTAc

Xəbər 3200 dəfə oxundu.