Əli Gökdəmir fasiləyə üzgün halda yollanıb
Milli komandamızın üzvü Əli Gökdəmir fasiləyə üzgün halda yollanıb. Onun çıxış etdiyi “Hannover 96”nın II komandası uzun müddətdən sonra liderlik kürsüsünü son tura qədər eyni xala malik olan “Holştayn”a verməli olub.

Belə ki, Hannoverdə 720 tamaşaçının gözü önündə meydan sahibləri Kil təmsilçisinə 2:3 hesabı ilə məğlub olub. Gökdəmirin komandasından hər iki təsəlli qollarını türkiyəli Dəniz Kadah vurub. Bununla da bu komandanın 9 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

Ancaq maraqlı məqam bundadır ki, “Hannover 96” bu oyunu 9 futbolçu ilə bitirməli olub. Əvvəlcə 58-ci dəqiqədə hücumçu Kevin Behrens birbaşa qırmızı vərəqə alıb. Ənənəvi olaraq start heyətində yer alan Gökdəmir isə oyunu sonacan tamamlaya bilməyib. Belə ki, ikinci qırmızı vərəqə məhz onun “payına düşüb”. Futbolçumuz əlavə olunmuş 3-cü dəqiqədə ikinci sarı vərəqə ilə meydanı tərk etməli olub.

Qeyd edək ki, bu yenilgi ilə II sıraya düşən hannoverlilər bir də növbəti oyununu fevralın 2-də “Meppen”ə qarşı keçirəcək.

Xəbər 876 dəfə oxundu.