“Bakı-Azəryol” da uduzdu
“Bakı-Azəryol” CEV kubokunun 1/4 final mərhələsində bu gün ilk oyununa çıxıb. İdman.com.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən yeganə təmsilçimiz Omskda “Omiçka”nın qonağı olub.

Matç komandamız üçün uğursuz alınıb. Düzdür, ilk setdə uduzan voleybolçularımız özlərinə gələrək, görüşdə tarazlığı bərpa ediblər – 1:1. Lakin onların bundan artığına gücləri çatmayıb.

Hesab bərabərləşdikdən sonra əsasını təcrübəli oyunçular təşkil edən “Omiçka” Aleksandr Çervyakovun yetirmələrinə heç bir şans verməyib. Son 2 hissədə inamlı oynayan Natalya Məmmədovanın komandası yekunda ilk matçı qələbə ilə yekunlaşdırıb – 3:1.

Amma bu “Bakı-Azəryol” üçün hələ son demək deyil. Çünki təmsilçimiz Bakıda qisas alıb, “Qızıl set” sayəsində mərhələ adlaya bilər.

Qeyd edək ki, “İqtisadçı” 1/8 finalda “Omiçka”ya Bakıda qalib gəlsə də, səfərdə əsas vaxtda və “Qızıl set”də məğlub olmuşdu.

CEV kuboku
6 dekabr
1/4 final mərhələsi, ilk oyun

“Omiçka” (Rusiya) – “Bakı-Azəryol” (Azərbaycan) - 3:1 (25:17, 20:25, 25:20, 25:12)
Hakimlər: Juhani Kaynulaynen (Finlandiya), Saadettin Deneri (Türkiyə)
Omsk, V. Blinov adına İdman-Konsert Kompleksi


Xəbər 991 dəfə oxundu.