Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin keçirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2010-cu ilin noyabr ayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yaradılmasının 80 illiyi tamam olur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası fəaliyyətə başladığı vaxtdan etibarən ölkəmizin idman həyatına layiqli töhfələr vermişdir. Akademiyanın yetirmələri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanaraq ölkəmizi layiqincə təmsil etmişlər.

Respublikamızda bədən tərbiyəsi və idman sahəsinin inkişaf etdirilməsi üçün kadrların hazırlanmasında mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Milli Olimpiya Komitəsinin təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 80 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2010-cu il.

Xəbər 1304 dəfə oxundu.