Avropa çempionu adını qazanıb
İsrailin Eylat şəhərində keçirilən yaşı 20-yə və 23-ə qədər olan ağır atletlər arasında Avropa Birinciliyi davam edir. İdman.com.az saytının məlumatına görə, dünən milli komandamızın daha bir üzvü körpücük üzərinə çıxıb. İstedadlı gənc atletimiz Firudin Quliyev yaşı 20-ə qədər olan idmançıların yarışında 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb və Avropa çempionu adını qazanıb.

Birdən qaldırma hərəkətində 136 kq nəticə göstərən idmançımız, əsl gücünü təkanla qaldırma hərəkətində ortaya qoyub. Bu hərəkətdə əvvəlcə 172 kq-ı başı üzərinə qaldıran Quliyev, sonra 180 kq-ı ram edərək Avropa çempionu olub.

Firudin son yanaşmasında 190 kq sifariş verərək gənclər arasında Avropa və dünya rekordunu yeniləmək istəyib. Ancaq təəssüf ki, ştanq atletimizə ram olmayıb. Buna baxmayaraq, toplamda 316 kq (136 kq + 180 kq) nəticə göstərən Firudin Quliyev, ən yaxın izləyicisini 2 kq qabaqlayaraq, Avropa birincisi olub.

Qeyd edək ki, bundan öncə turnirdə 62 kq çəki dərəcəsində mübarizə aparan Rauf Nəbiyev bürünc medal qazanıb.

Xəbər 1056 dəfə oxundu.