Bekhem çempion kimi vidalaşdı
«Los Anceles Qelaksi» ikinci il dalbadal MLS-in çempionu olub. Komanda ötənilki kimi, bu dəfə də finalda «Hyuston Dinamo»nu üstələyib. İdman.com.az saytının məlumatına görə, bu matç los anceleslilərin 37 yaşlı ingilis ulduzu Devid Bekhemin komandada son oyunu olub.

Bu fakt da finala diqqəti birə beş artırmışdı. İngilis havbek komandasının yarımfinalda «Sietl»lə oyunundan sonra komandadan gedişini bəyan etmişdi.

Şənbə günü keçirilən oyunda ilk olaraq fasiləqabağı hyustonlulardan Kalen Karrın vurduğu qol Bekhemin Amerikadan çempion kimi dönəcəyini şübhə altına saldı. Fasilədən 3 dəqiqə sonra daha bir avropalı futbol ulduzu Robbi Kin qol vurub.

Ancaq onun vurduğu qol ofsayd səbəbindən hesaba alınmayıb. Bununla belə, artıq artırma dəqiqələrində Kin özünə qarşı kobudluğa görə təyin edilən penaltini elə özü dəqiq zərbə ilə tamamlayıb. Buna qədər onun komanda yoldaşları daha iki qol vurmuşdular.

Xəbər 847 dəfə oxundu.