AQF-in baş direktoru: “Azərbaycanda qolfun inkişafı uğurla aparılır”
Federasiyanın fəaliyyəti sərgi iştirakçılarının böyük marağına səbəb olub

Azərbaycan Qolf Federasiyası (AQF) noyabr ayının 28-dən 30-dək “Bakı Ekspo” mərkəzində keçirilən yeni sərgi layihəsi – Sport Expo-2012 beynəlxalq “İdman, İdman ləvazimatı və geyimi” sərgisində iştirak edir. AQF-in lövhəsində ziyarətçilərə mini qolf və virtual qolf oyununu təqdim olunur və maraqlananların sualları cavablandırılır. Bundan başqa, stenddə sərgi iştirakçıları üçün qolf maçtları keçirilir. Qaliblərə qiymətli hədiyyələr verilir.

AQF-in mətbuat xidmətindən idman.com.az saytına verilən xəbərə görə, sərginin açılış günündə baş direktor Dominik Nouton iştirak edib. O, ölkəmizdə qolfun inkişafı və federasiyanın fəaliyyəti haqqında məlumat verib: “Bu gün Qolf Federasiyası öz fəaliyyəti, ölkə qolfunun inkişafı və uğurlarını qismən də olsa, ictimaiyyətə canlı olaraq göstərə bildi.

Ümumiyyətlə, qolf Azərbaycanda yeni yaranıb. Lakin buna baxmayaraq, artıq paytaxtda və regionlarda qolf meydançaları tikilir. Bu yaxınlarda Beynəlxalq Qolf Federasiyalarına da üzv seçilmişik. Demək, ölkədə qolfun inkişafı uğurla aparılır. Əminəm ki, çox yaxın gələcəkdə qolf Azərbaycanda ən sevimli idman növlərindən biri olacaq”.

Qeyd edək ki, “Sport Expo-2012” sərgisində 50-dən çox təşkilat iştirak edir. Bunlar arasında idman və idman sənayesi sahəsində fəaliyyət göstərən özəl və dövlət sektorlarının nümayəndələri, ictimai təşkilatlar, idman federasiyaları və klublardır.

AQF 2012-ci ilin əvvəlində yaradılıb. Federasiyanın əsas məqsədi Azərbaycanda bu olimpiya idman növü inkişaf etdirmək, daha populyarlaşdırmaq və kütləviliyini təmin etməkdir.

Kamran HACI



Xəbər 2657 dəfə oxundu.