Veliçko Çolakovun vətəni Bolqarıstana qayıtması mükafatsız qalmayıb
Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasından imtina edən Veliçko Çolakovun vətəni Bolqarıstana qayıtması mükafatsız qalmayıb. Afina Olimpiadasının bürünc mükafatçısına doğulub boya-başa çatdığı Smolyan şəhərinin yerli bələdiyyəsinin qərarı ilə 340 kv m-lik torpaq sahəsi hədiyyə olunub.

Bunu ictimaiyyətə onun vəkili Filip Topov açıqlayıb. Onun sözlərinə görə, Çolakovdan aldıqları məktub əsasında Smolyan şəhər meri Nikolay Melemov qərar çıxarıb. Bu həmçinin, Veliçkonun yenidən Bolqarıstan yığmasının şərəfini qoruması ilə əlaqələndirilir. Bildirilir ki, bu həm idmançı, həm də dövlət üçün yaxşı stimul olacaq.

Məsələyə münasibətini açıqlayan Veliçko hədiyyənin onun üçün gözlənilmə olduğunu deyib: “Mən təəccübləndim. Uzun müddət bu haqda fikirləşirdim. Arzum elə də böyük olmayan həyətimin alması idi ki, bu çin oldu”.

Qeyd edək ki, Çolakovun 2014-cü ilə kimi Azərbaycan yığması ilə müqaviləsi hələ qüvvədədir.

Xəbər 1109 dəfə oxundu.