«Sport Expo-2012»-in açılışı olub
Bu gün Bakı Ekspo Mərkəzində «Sport Expo-2012» I Beynəlxalq «İdman, İdman ləvazimatı və geyimi» sərgisi öz işinə başlayıb. Tədbirdə 50-dən çox eksponent iştirak edir.

İdman.com.az xəbər verir ki, bunlar arasında idman və idman sənayesi sahəsində fəaliyyət göstərən özəl və dövlət sektorlarının nümayəndələri, həmçinin idman malları və xidmətlərinin yerli və xarici istehsalçıları, ictimai təşkilatlar, idman federasiyaları və klubları var. Sərgi iştirakçıları ziyarətçilərə idman avadanlıqları və ləvazimatları sahəsində ən son yenilikləri, habelə peşəkar idmançılar, eləcə də idmanı və aktiv həyat tərzini sevən insanlar üçün idman malları və idman geyimlərini nümayiş etdirirlər.

Tədbir Azərbaycanda idmanın inkişafına qayğı göstərən şirkətlərin və kommersiya təşkilatlarının federasiyalar və idman klublarının fəaliyyətləri ilə yaxından tanış olmalarına şərait yaradır ki, bu da ölkənin gəncləri arasında onların aktiv fəaliyyətini qoruyub saxlamağa, həmçinin Azərbaycanın aparıcı komandaları və idman cəmiyyətləri ilə tərəfdaşlıq və əməkdaşlıq üçün bütün variantları nəzərdən keçirməyə imkan verir.

Bundan başqa, «Sport Expo-2012» sərgisi uşaqlar, valideynlər və gənclər, habelə idman hərəkatı və bütün fəal istirahət həvəskarları üçün ən kütləvi və genişmiqyaslı bayrama çevriləcək. Sərginin 3 iş günü ərzində ziyarətçilərə geniş çeşidli idman geyimləri, idman avadanlıqları və idman məhsulları nümayiş olunacaq.

45 nəfərlik oturacaq yeri olan, rahat və dayanacaqsız hərəkət cədvəli üzrə işləyən avtobuslar vətəndaşları Bakı Ekspo Mərkəzinə qısa vaxt ərzində çatdırır.

Kamran Hacı

Xəbər 1351 dəfə oxundu.