Ağırlıqqaldırma üzrə Azərbaycan yığması daha bir itki ilə üzləşib
Ağırlıqqaldırma üzrə Azərbaycan yığması daha bir itki ilə üzləşib. Boyanka Kostova (58 kq) və İvan Stoitsovun (77 kq) ardınca daha bir milliləşən bolqarıstanlı Veliçko Çolakov (+105 kq) da ölkəmizə qayıtmaqdan imtina edib.

London Olimpiadasında yığmamızın heyətində yer alan, lakin zədə səbəbindən podiuma çıxmayan ağır çəkili idmançı 2 il şərəfini qoruduğu millimizdən razılıqla ayrılıb. O Bolqarıstan mətbuatına verdiyi açıqlamasında son qərarını da açıqlayıb: “Bolqarıstana qayıtdıqdan sonra gələcək karyeramı həll etmək üçün Azərbaycandan zəng gözləyirdim. Artıq qərarımı vermişəm. Mən bu ölkənin yığmasının şərəfini qoruduğum 2 ildəki münasibətə görə onlara təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Çolakovun Azərbaycan Ağır Atletika Federasiyası ilə 2014-cü ilə kimi müqaviləsi var. Bu səbəbdən Veliçko vətəninə qayıtsa belə 1 il yarışlardan kənar qalacaq.

Xəbər 1190 dəfə oxundu.