Abramoviç komandasını Benitesə tapşırıldı
London «Çelsi»si son uğursuzluqlardan sonra baş məşqçisi Roberto Di Matteo ilə vidalaşmalı olub. Klubun rəsmi bəyanatında belə yazılır: «Komandanın son matçlardakı oyunu və son nəticələr heç də yaxşı olmadı və klub sahibi ilə rəhbərlik komandanın düzgün istiqamətdə yolunu davam etdirməsi üçün dəyişikliyə ehtiyac görür. Axı, biz mövsümün vacib mərhələsinə qədəm qoyuruq».

Bununla yanaşı, bəyanatda Di Matteoya son mövsümün sonunda Çempionlar Liqasında tarixi qələbəyə və klubun 7-ci ölkə kubokuna görə təşəkkür bildirilir.

Beləcə, mövsümün əvvəlində «Çelsi» ilə 2 illik müqavilə bağlamış Di Matteo Premyer Liqada 4 oyunluq qələbəsiz seriya nəticəsində və Çempionlar Liqasında uğursuz çıxış edərək, pley-off şanslarının da cüzi səviyyədə qaldığı bir şəraitdə işinə son qoymalı olub.

İdman.com.az xəbər verir ki, Di Matteonun xələfini çox da gözləmək lazım gəlməyib. Baş məşqçi kürsüsünə dərhal 52 yaşlı Rafael Benites əyləşdirilib. Onunla mövsümün sonunadək razılıq əldə edilib. Öncə «Valensiya», «Liverpul» və «İnter»lə işlərinə görə diqqəti çəkən Benites karyerasında iki dəfə rəhbərlik etdiyi komandanı Çempionlar Liqasının finalına çıxarıb.

Yəqin ki, «Çelsi»nin sahibi Roman Abramoviç ispan mütəxəssisin həmvətəni Fernando Torresin oyununu bərpa etməsini və futbolçuya qoyulan 50 milyon funtu doğrultmasını təmin etməsini gözləyir.

Xəbər 844 dəfə oxundu.