“Rabitə” Çempionlar Liqasında mövsümün 2 rekordunu müəyyənləşdirib
Azərbaycan çempionu “Rabitə” Çempionlar Liqasında mövsümün 2 rekordunu müəyyənləşdirib. Bakı təmsilçisi qrup mərhələsinin IV turdan sonra 100 faizlik nəticə göstərən yeganə komandası olmaqla yanaşı, ən yaxşı set fərqinə malik kollektivdir.

Belə ki, onlar keçirdikləri bütün qarşılaşmalarda 3 xal qazanmaqla aktivindəki xallarının sayını 12-yə çatdırıblar. ÇL-in 24 iştirakçısı arasında isə heç bir klub bu qədər xala malik deyil. Nəticədə qrup mərhələsinin başa çatmasına 2 tur qalsa da, Azərbaycan çempionu özü üçün pley-offa vəsiqəni rəsmiləşdirib. Bu komandamızın “Atom” (Polşa) üzərindəki qalibiyyətindən sonra reallaşıb. Təmsilçimiz 3:1 hesablı qələbə sayəsində məhz 3-cü yerdə olan Polşa təmsilçisi ilə xal fərqini 7-yə çatdırıb və rəqibi üçün əlçatmaz olub.

“Rabitə” 4 qələbə qazanmaq üçün zəruri olan 12 setin qarşılığında rəqiblərinə cəmi 2 hissədə uduzub. Bu set fərqi 12-2 olan komandamızın balansının +10-a bərabər olmasını göstərir. Belə nəticəyə də ÇL-in iştirakçılarından heç biri malik deyil. Müqayisə üçün bildirək ki, “Rabitə” kimi pley-offa vəsiqəni təmin edən “Qalatasaray” və “Əczaçıbaşı”nda (hər ikisi Türkiyə) həmin göstərici müvafiq olaraq, +9 (12:3) və +5-dir (11:6).

Xəbər 835 dəfə oxundu.