Paris-2024-də günün yekunu: Azərbaycan növbəti medalını qazanıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında dünən Azərbaycanın iki sərbəst güləşçisi, bir boksçusu və bədii gimnastika üzrə qrup hərəkətləri komandası mübarizə aparıb.

Əvvəlcə bədii gimnastlarımız səhnəyə çıxıb.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət təsnifat mərhələsini 8-ci pillədə başa vurub və finala vəsiqə qazanıb. Final bu gün baş tutacaq.

Sərbəst güləşçilərdən Turan Bayramov (74 kq) yarışı medalsız başa vurub.

Yarımfinalda Geno Petriaşviliyə (Gürcüstan) məğlub olan Giorgi Meşvildişvili (125 kq) isə bu gün bürünc medal uğrunda mübarizə aparacaq.

Dünən həmçinin boksçu Alfonso Dominqes də rinqə çıxıb. Finalda özbəkistanlı Lazizbek Mullojonova uduzan təmsilçimiz gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) bürünc medalla kifayətlənib.

Xəbər 24 dəfə oxundu.