“Çelsi”nin baş məşqçisi Roberto Di Matteo postundan qovulub
“Çelsi”nin baş məşqçisi Roberto Di Matteo postundan qovulub. Buna komandanın uğursuz çıxışı səbəb olub.
Premyer Liqada son 4 həftədə qələbə qazana bilməyən və ötən gecə Çempionlar Liqası çərçivəsində səfərdə “Yuventus”a 0:3 hesabı ilə yenilən London klubunun baş məşqçisi üçün bu məğlubiyyət ağır nəticələnib. Portuqaliyalı Andre Villaş-Boaşın yerini tutduqdan sonra sürprizə imza ataraq Çempionlar Liqasının qalibi olmuş 42 yaşlı italyan mütəxəssis istefaya göndərilib. Bir sözlə italyan baş məşqçiyə həmyerliləri qənim kəsilib.
Qeyd edək ki, “Çelsi” Premyer Liqada (12 tur) və Çempionlar Liqasında (5 tur) 3-cü pilləni tutur. Turnirin son qalibinin Avropanın bir nömrəli klub yarışında mübarizəni davam etdirmək şansı öz əlində deyil. Belə ki, “Çelsi” son turda evdə “Nordselland”ı məğlub etməklə yanaşı, “Yuventus”un səfərdə artıq qrupdan çıxmış “Şaxtyor”a uduzmasına dua etməlidi. Əks halda Çempionlar Liqasının son qalibi 2013-cü ilə Avropa Liqasında başlamalı olacaq.

Xəbər 889 dəfə oxundu.