«Xəzər Lənkəran» dəyişdi, növbədə kim(lər)dir
Dünən milli futbol çempionatında 13-cü tura yekun vuruldu. Fasiləyə cəmi 5 tur qaldı. Həftədən həftəyə dəyişən, qaranlıqlaşan və qəlizləşən çempionatda daha bir neçə oyun ən qeyri-sabit mövsümlərdən birinin mənzərəsinə yeni cizgilər əlavə etdi. «Bakı» bu çempionatda vacib qələbələrindən birini qazandı. Hərçənd elə bu görüşün özü də onu göstərdi ki, komandanın baş məşqçisi özü də kələfin ucunu itirib. Bunun üçün onun heyət qalaqurmalarına baxmaq yetər. Təbii ki, belə olduqda oyun planı, taktika və strategiyadan heç danışmağa dəyməz. Amma hələ yayda Bandoviç söhbəti gündəmə gələndə və qəfil qərarın dəyişməsi ilə bugünkü həqiqətələrə yol açılmışdı. Məgər əvvəl də belə olmayıb?

Əslində, son turdakı görüş «Bakı»dan çox, «Xəzər Lənkəran»ın düşdüyü acınacaqlı vəziyyətə daha bir parodiya idi. Ötən həftənin ən böyük futbol hadisələrindən birinin müəllifi olmuş cənubluların özünəməxsus idarəetmə sisteminə sadiq qalaraq, növbəti sükançı dəyişikliyi edərək, uşaq futbolu məşqçisini əsas posta gətirdi. Bununla daha bir macəranın təməli qoyuldu. Əlbəttə, yeni nəsillə bağlı layihəsi olsaydı, bu addımı anlamaq olardı. Lakin qarşısına avrokuboklara çıxmaq vəzifəsi qoymuş komanda daha çox öyündüyü maddi-texniki bazada həm uşaq, həm də peşəkar klub anlayışını fəaliyyət proqramının təməl prinsipinə çevirməlidir. Lənkəran təmsilçisi isə gah bu, gah da digər qərarı verməklə, həm ondan olur, həm də bundan, yekunda gülünc vəziyyətə düşür. Səbəb nədir? Əlbəttə, dərində olan cavabları bir-bir sadalamaq olar. Lakin buna subyektivlik damğası vurmaqla, onu iftira adlandırıb, həqiqəti danacaqlar. Bu üzdən heç kimin qərəz deyə bilməyəcəyi obyektiv qiymət verək: klubda qeyri-peşəkar, hərc-mərci, yarımçıq və doğru olmayan iş görülür. Deməli, komandada peşəkar kadr yoxdur. O böyüklükdə bazanın qurulmasından sonra böyük iddia pərdəsi altında xırdaçılıq məqsədləri varsa, buna başqa ad da vermək olmaz.

Doğrusu, tək bu komanda deyil, bütün işləri ilə onun tam bənzəri olan «Bakı»da da eyni mənzərədir. Quruculuq yalnız tikinti materialları ilə tamamlanır.

Bir az onlardan fərqli durum «Qarabağ»dadır. Ötən həftə klub çoxdan gözlənilən bir qərarın astanasında idi. Ulduzunu parladıb bu vurduğu bərqdən istifadə etmək qərarına gəlmiş Əfran İsmayılov da komandanı tərk etdi, amma sonra geri qayıtdı. Bu xəbərlər hələ yay dövründə gözlənilirdi. Özü də tək Əfran deyil, ən azı, 3 belə futbolçunun adını çəkmək olar. Komandanın ötən il Avropa arenasına çıxa bilməməsi də bu bişmiş böhranın nəticəsiydi. Təəssüf ki, hər dəfə qeyd etdiyimiz əsas məqamlar indi ən böhranlı məqamda üzə çıxır. Komanda böyümək istəmədi, ən parlaq üzvlərini də irəli getməyə qoymadı və bu gün özü bir kənara, futbolumuz bundan ağrı çəkir. Yəqin, komandanın bir çox üzvləri ölkə futbolunda dəb halını almış klub dəyişməklə özünü ucuz satanların sırasına qoşulmaq üçün yetişiblər və qazanılan imici xərcləmək zamanı yetişitb.

Komandanın «Simurq» üzərində qələbəsi prinsipial sayıla bilər. Lakin nəzərə alaq ki, hakim doğruları və yalanları sayəsində heyətinin aparıcı üzvlərini itirmiş Zaqatala təmsilçisi bu tur yarımcan idi. Doğrusu, «Simurq»un eniş dövrünə qədəm qoyacağı bunsuz da görünürdü. Çünki əsas iddiaçılar geridə olduqlarından komandanın yeganə şansı maksimum xal fərqi ilə yuxarıda qalmaq idi. Hər oyunda hiss olunur ki, komanda oyunu ilə böyümək istəmir, liderlərlə baş-başa gəlməkdən çəkinir.
Üstəlik, o da nəzərə alınmadı ki, çempionatın qarışıq mənzərəsini yaradan klublar iddialılar olsalar da, bundan bəhrələnənlər də «Simurq» kimi ortabablar – AzAL, «Rəvan», «Qəbələ» və gözlənilmədən yüksələn «Turan»dır. Bu qədər ortababın «altılıq» sərhəddində var-gəl etməsi isə hər birinin şansını artırdığı qədər də azaldır və təhlükəli edir. Çünki bir-iki oyunda uduzmaqla bu elita nümayəndələri uçuruma düşə bilərlər. Bu komandalarda məşqçi dəyişmək isə su içmək kimi bir şeydir. Üstəlik, bu dəyişikliklərə menecer və agentlərin marağındadır.

Dünən belə oyunlardan biri də baş tutdu: baş məşqçisini dəyişmiş və indi «Muğan»a bənzəməyə başlamış «Rəvan» AzAL-a növbəti zərbəni vuran kollektiv oldu. İki ortababın bu görüşündə məğlub olan «təyyarəçilər» artıq qeyd etdiyimiz depressiyaya yaxındırlar. Özü də fasiləyə 5 tur qalmış bu prosesin dərinləşməsi də təbiidir. Çünki AzAL futbol işbazlarının təsirlərinə tez məruz qalanlardandır. Yeri gəlmişkən, belə klublardan ortalıqda qalan elə AzAL-dır. Çünki «Rəvan»la «Qəbələ» məşqçisini artıq dəyişib. Əlbəttə, siyahıda hələ «Kəpəz», «Turan» da var. Lakin onların imkanı bəlli həddədir. Söz yox ki, «Sumqayıt» da, «Bakı» da məşqçi dəyişməyə yaxındır. Elə «Neftçi»də də dəyişikliklər istisna deyil. Ancaq bu klublara dərindən müdaxilə etmək imkanı məhduddur.

Bir sözlə, artıq dekabrın son ongünolüyündə başlayacaq fasilənin konturları indidən cızılır. Buna da hazır olmaq lazımdır. Nəzərə alsaq ki, «Neftçi» bu il Avropa Liqasında yer alıb, bizim üçün ən çox maraq doğuran komandaların məhz bu istiqamətdə görəcəkləri işlərdir. Qiymət də bu prizmadan veriləcək.

Xəbər 1380 dəfə oxundu.