Bu gün Çempionlar Liqasında V tura yekun vurulacaq
Bu gün Çempionlar Liqasında (ÇL) V tura yekun vurulacaq. Daha 6 komanda 1/8 finala vəsiqəni rəsmiləşdirmək imkanına malikdir.

Artıq bu vəzifəni yerinə yetirən “Portu”ya PSJ yol yoldaşı olmalıdır. Bunun üçün fransızlara ən yaxın izləyicisi olan Kiyev “Dinamo”su ilə ev oyununda 1 xal da yetərlidir.

B qrupunda ilk 2 yerdə gedən “Şalke” ilə “Arsenal” ev matçlarında qalib gələcəkləri halda, sona 1 tur qalmış vəsiqəni rəsmiləşdirəcək. Kimin qrup qalibi olmağına son turda öz aralarında Almaniyada keçiriləcək oyunda aydınlıq gələcək.

C qrupunun lideri “Malaqa” da artıq növbəti mərhələyə çıxıb. 2-ci vəsiqəyə qalan 3 komandanın hamısı şansı var. Ancaq təbii ki, 2-ci yerdə gedən “Milan” daha çox şanslıdır. İtalyanlar “Anderlext”lə səfər oyununda qalib gələcəyi və “Zenit”in evdə “Malaqa” ilə matçda xal itirəcəyi halda növbəti mərhələyə yüksələcək.

D qrupunda gözlənilmədən son pillədə gedən “Mançester Siti” üçün bu, son şansdır. Komanda bunun üçün evdə mütləq “Real”a qalib gəlməlidir. Madridlilər isə “Ayaks” xal itirəcəyi halda, heç-heçə ilə də növbəti mərhələyə çıxa biləcək. Dortmundlular bərabərlik sayəsində istənilən halda, 1/8 finala yüksələcək.

Xəbər 1026 dəfə oxundu.