Premyer Liqa: “Qarabağ” son dəqiqə qolu ilə qələbə qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.

Lider “Qarabağ” aşağı sıralarda qərarlaşan “Kəpəz”lə üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda baş tutan matç Ağdam klubunun əzmkar qələbəsi ilə yekunlaşıb – 2:1.

Hesabı 72-ci dəqiqədə Gəncə təmsilçisinin yarımmüdafiəçisi Olavale Onanuqa açıb. “Qarabağ” 79-cu dəqiqədə Olavio Juninyonun vurduğu qolla hesabı bərabərləşdirib. Həmin epizod zamanı məhsuldar ötürmənin müəllifi Yassin Benzia ağır zədə alıb. “Kəpəz”in qapıçısı İqor Rodriges topun qarşısını almaq istəyərkən dizi ilə fransalı oyunçunun başına zərbə endirib. Oyunu davam etdirə bilməyən Benzia meydanı vaxtından əvvəl tərk edib. Matçda son nöqtəni isə Toral Bayramov qoyub. 90+6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən yarımmüdafiəçi yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 47-yə çatdıran “Qarabağ” ilk pillədəki mövqeyini möhkəmlədib. 17 xalı olan “Kəpəz” isə 9-cu sırada qalıb.

Günün digər oyununda “Zirə” doğma meydanda “Sabah”ı qəbul edəcək. Görüş saat 17:30-da start götürəcək.

Turun açılış matçında “Turan Tovuz” “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. Tura yanvarın 28-də keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” və “Neftçi” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Xəbər 130 dəfə oxundu.