Azərbaycan paralimpiyaçılarının bu il qazandığı medalların sayı açıqlanıb
Milli Paralimpiya Komitəsi (MPK) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2023-cü ilin yekunları ilə bağlı paralimpiyaçılarla görüş keçirib.

Görüşdə qurumun prezidenti Hidayət Abdullayev, vitse-prezidentlər İlham Zəkiyev və Fuad Hacıyev, Komitənin idarə heyətinin üzvü Jalə Əhmədova çıxış edərək 2024-cü il üçün planları təqdim ediblər.

Görüş zamanı bu il ərzində Komitənin fəaliyyəti haqqında idmançılara ətraflı məlumat verilib. Eyni zamanda tədbirlər planı, 2023-cü ilin maliyyə hesabatları təqdim olunub, növbəti ilin büdcə layihəsi, həmçinin, beynəlxalq əlaqələr sahəsində görülən işlər barədə danışılıb.

İdman sahəsində əldə olunan uğurlardan bəhs edilərək, paralimpiyaçıların beynəlxalq yarışlarda 27-si qızıl, 31-i gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 86 medal qazandığı diqqətə çatdırılıb. “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına hazırlıq prosesi, oyunların təşkilat komitəsi ilə keçirilən görüşlərdən söhbət açılıb.

Həmçinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nəzdində fəaliyyət göstərən Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanışlıq turu keçirilib, paralimpiyaçılar üçün mövcud imkanlar müzakirə olunub.

Sonda isə VII Uşaq Paralimpiya İdman Oyunlarında iştirak edən baş məşqçilərə təşəkkürnamə təqdim olunub.

Xəbər 165 dəfə oxundu.