Azərbaycan boksçuları 2023-cü ildə 179 medal qazanıblar
Azərbaycan boksçularının 2023-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb.

Bu il müxtəlif yaş qrupları üzrə milli komandalar 26 turnirdə ümumilikdə 179 medal əldə ediblər.

Onlardan 35-i qızıl, 37-si gümüş və 107-si bürüncdür. Nəticədə yığmalar ötən illə müqayisədə 132 faiz irəliləyişə nail olublar.

Boksçular 179 mükafatdan 11-ni Avropa, 3-nü dünya çempionatlarında qazanıblar. Yığmalar iştirak etdikləri mundial və qitə səviyyəli yarışların hər birindən Vətənə mükafatla qayıdıblar.

Həmçinin boksçular III Avropa Oyunlarında 2 dəfə fəxri kürsüyə qalxıb və eyni sayda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya sahib çıxıblar. Milli komandanın hesabında Qızıl kəmər seriyasından, II MDB Oyunlarından və Beynəlxalq Universitet İdman Festivalından da medallar var.

Qeyd edək ki, 1 il öncə Azərbaycan boksçuları 15 beynəlxalq yarışda 77 (30-20-27) medal qazanıb.

Xəbər 180 dəfə oxundu.