Azərbaycanda VII Uşaq Paralimpiya İdman Oyunları başlayıb
Milli Paralimpiya Komitəsinin (MPK) təşkilatçılığı ilə Sumqayıtdakı Paralimpiya İdman Kompleksində VII Uşaq Paralimpiya İdman Oyunları başlayıb.

Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, digər hökumət və qeyri-hökumət, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər ötən əsrin 90-cı illərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə formalaşan milli paralimpiya hərəkatının ötən dövrdə inkişafından bəhs ediblər. Prezident İlham Əliyevin Azərbaycan idmanının, o cümlədən, paralimpiyanın inkişafına xüsusi diqqət və qayğısı nəticəsində idmançıların tarixi qələbələr əldə etdikləri vurğulanıb. Uşaq paralimpiyaçılarımızın da bu idman nailiyyətlərini uğurla davam etdirmək əzminə malik olduğu qeyd olunub. VII Uşaq Paralimpiya İdman Oyunlarının ölkədə uşaq paralimpiya hərəkatının inkişafı, əlilliyi olan uşaqların idmana marağının artırılması baxımından xüsusi önəmi diqqətə çatdırılıb, iştirakçılara uğurlar arzu edilib.

Qeyd edək ki, oyunlarda 120 uşaq paralimpiyaçı iştirak edir. Onlar 5 idman növü (para-cüdo, stolüstü tennis, para-taekvondo, para-üzgüçülük, para-pauerliftinq) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparırlar. Yarışın keçirilməsində əsas məqsəd 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb edilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etmək və paralimpiya idman növlərində çıxış edən peşəkar idmançılar yetişdirməkdir.

Xəbər 165 dəfə oxundu.