Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.

Günün ilk matçı Tovuzda yerli komanda ilə “Araz-Naxçıvan” arasında olacaq. Hazırda meydan sahibləri 19 xalla səkkizinci, qonaqlar isə 26 xalla dördüncü pillədə qərarlaşıblar.

Bu görüş komandaların ölkə çempionatlarında ikinci dueli olacaq. Rəqiblərin yeganə qarşılaşması I dövrədə baş tutub. “Turan Tovuz” səfərdə 3:0 hesablı qələbə qazanıb.

Günün son oyununda isə “Sumqayıt” və “Səbail” komandaları üz-üzə gələcəklər. “Kapital Bank Arena”da keçiriləcək görüş saat 18:30-da başlayacaq. 17 turdan sonra 24 xalı olan “gənclik şəhəri” təmsilçisi altıncı, 26 xalı olan “dənizçilər” isə üçüncüdür.

Komandalar indiyədək Premyer Liqada 23 dəfə qarşılaşıblar. Bunların 12-si sumqayıtlıların, 8-i bakılıların xeyrinə başa çatıb. Üç qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də meydan sahibləri üstündür – 31:19.

“Sumqayıt” son 4 matçı qolsuz tərk etməyib. Son üç görüşdə qonaq komanda qalib gəlib.

Azərbaycan Premyer Liqası

XVIII tur

23 dekabr (şənbə)

16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Tovuz şəhər stadionu.

18:30. “Sumqayıt” – “Səbail”

Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Asif Əliyev

“Kapital Bank Arena”.

Qeyd edək ki, XVIII turun açılış oyununda “Qəbələ” öz meydanında “Sabah”a 1:0 hesabı ilə qalib gəlib. Tura dekabrın 24-də keçiriləcək “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Xəbər 156 dəfə oxundu.