Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 4 qızıl, 1 gümüş medal qazanıblar
Azərbaycan üzgüçüləri Macarıstanın Kapoşvar şəhərində yeniyetmələr arasında keçirilən beynəlxalq turnirdə beş medal qazanıblar.

Süleyman İsmayılzadə sərbəst üsulla 1500 metr və 400 metr məsafəyə üzmə yarışında bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Müvafiq olaraq, 16:10,99 və 04:08,42 nəticə göstərən idmançı yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib.

Digər üzgüçümüz Oqtay Hüseynov da beynəlxalq turnirdə milli komandamızın hesabına qızıl medal yazdırıb. O, 400 metr məsafəyə qarışıq üsulla üzmədə finişə hamıdan tez çatıb. İdmançı eyni məsafəyə sərbəst üsulla üzmə yarışında isə ikinci yeri tutub.

Səid Həmidov isə 400 metr məsafəyə sərbəst üsulda qızıl medala sahib çıxıb. Yarışlar bu gün də davam edəcək.

Azərbaycan millisinin digər 3 üzvü - Ramil Vəlizadə, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov isə Serbiyanın Niş şəhərində keçirilən gənclər arasında beynəlxalq turnirdə güclərini sınayırlar. Dünya çempionatına və “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda R. Vəlizadə ilə Ə. Rüstəmov 50 və 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə, R. Alquliyev isə 100 metr məsafəyə arxası üstə üzmədə finala vəsiqə qazanıb.

Xəbər 139 dəfə oxundu.