Elhad Nəziri Belfastda komandasının qələbəsini eşidib
Azərbaycan millisi birgə Şimali İrlandiya səfərində olan Elhad Nəziri Belfastda komandasının qələbəsini eşidib. 20 yaşlı müdafiəçinin şərəfini qoruduğu “Milsami” Moldova çempionatının hesabat turunda qələbə qazanıb. Elhadın yoxluğunda onun komanda yoldaşları Orhey Rayon İdman Kompleksində “İskra-Stal”ın müqavimətini qırıb – 2:0.

700 azarkeşin izlədiyi oyunda fasilədən iki dəqiqə sonra hesabı rumıniyalı Valerian Qırle açıb. 69-cu dəqiqədə fərqin artmasında isə çempionatımızda top qovmuş “sabiqlər” yaxından iştirak edib. Belə ki, “Xəzər Lənkəran”ın sabiq portuqaliyalı müdafiəçisi Bruno Simaonun cərimə zərbəsindən sonra AZAL-ın keçmiş hücumçusu George Boqyu başla topu yaxın küncə yollayıb. Beləliklə, Boqyu vurduğu 12 qolla bombardirlər siyahısında vahid lider olub.

Xatırladaq ki, Boqyu ötən mövsüm AZAL-a Moldova çempionatının bombardiri kimi gəlmişdi. O, 2010/11 mövsümündə 26 qol vursa da, çempionatımızda cəmi 5 dəfə rəqib qapılarına yol tapa bilmişdi. Bu qələbədən sonra “Milsami” 24 xalla 5-ci pilləyə yüksəlib.

Xəbər 833 dəfə oxundu.