Qubada idman festivalı keçiriləcək
Noyabrın 16-da Quba Olimpiya İdman Kompleksində “İdman festivalı 2023”ə start veriləcək.

Beş gün davam edəcək festivala 23 idman növü üzrə 168 idmançı (13-15 yaş), eləcə də 18 məşqçi qatılacaq. GİN və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən builki festivala Türkiyə və Keniyadan da idmançılar qatılacaqlar.

Noyabrın 16, 17 və 18-də idmançıları üçün əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi görüşlər keçiriləcək. Eləcə də Quba şəhərinə ekskursiya təşkil ediləcək.

Noyabrın 18 və 19-da idmançılar şəhərin mərkəzində, Nizami parkında quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə çıxışlara izləyicilər də qatılacaqlar.

Qeyd edək ki, bu sayca ikinci idman festivalıdır. İlk festival ötən il Şəki şəhərində təşkil edilib.

Xəbər 134 dəfə oxundu.