Dünya çempionu olmuş gimnast: Bu qalibiyyəti uzun zamandır gözləyirdim
Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə qızıl medal qazanan Mixail Malkin Vətənə qayıdıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançının qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yarışa yaxşı hazırlaşdığını söyləyən idmançı bildirib ki, ən böyük xəyalı dünya çempionu olmaq idi: “Çox sevinirəm ki, bu arzumu reallaşdırdım. Bu qalibiyyəti uzun zamandır gözləyirdim. Son 6 ayda öz üzərimdə xeyli işlədim. Keçən il dünya çempionu olmuş, təcrübəli rəqibimə qalib gəldim. Aydın məsələdir ki, bir mərhələdən digərinə adlamaq heç də asan deyil. Mən bütün raundlarda liderliyimi qoruyub saxladım. Bunun üçün idmançının psixoloji vəziyyətinin qaydasında olması çox vacibdir. Komanda yoldaşlarım da yaxşı çıxış etdilər. Düşünürəm ki, onlarla birlikdə ortaya müsbət nəticə qoya bildik”.

Məşqçilərinə və tərəfdarlarına təşəkkür edən M. Malkin qələbəsini ailəsinə, xüsusilə atasına və nənəsinə həsr etdiyini deyib.

Gimnast növbəti hədəfinin gələn il Bakıda keçiriləcək Dünya Kuboku və Portuqaliyada baş tutacaq Avropa çempionatında uğur qazanmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə dünya çempionu olub.

Xəbər 124 dəfə oxundu.