Buzovnanın axundu “Mazandaran pələngi” ilə görüşüb
“İdman” qəzetinin daimi oxucuları Hacı Soltan Əlizadənin “Mazandaran pələngi” adlı yeni kitabı haqda yazını, yəqin ki, xatırlayırlar. İran pəhləvanı İmaməli Həbibinin həyatından bəhs edən həmin kitab barədə qəzetin bulki saylarından birində geniş məqalə dərc olunmuşdu. Qeyd edək ki, Buzovna qəsəbəsinin axundu olan Hacı Soltan Əlizadə əsl idman həvəskarıdır və idman mövzusunda bir neçə kitabın müəllifidir.
Bu günlərdə redaksiyamızla əlaqə saxlayan axund bildirdi ki, qonşu ölkədə kitabın təqdimatını keçirib və ötən ay İranda məşhur pəhləvanla görüşüb . İran səfəri ilə bağlı Hacı Soltan Əlizadə aşağıdakıları bildirdi:
İyun ayında İrana gedib "Mazandaran pələngi İmaməli Həbibi" haqda yazdığım kitabı Mazandaran vilayətinin idman nazirinə təqdim etmişdim. Orada idmançılarla görüşüb kitabın təqdimatını etdik. Amma cahan pəhləvanı İmaməli Həbibi xaricdə olduğuna görə onunla görüşə bilmədim.
Noyabr ayında mənə xəbər verdilər ki, İmaməli Həbibi vətənə qayıdıb, öz evindədir və pəhləvan mənimlə görüşmək arzusundadır. Mən 2-ci dəfə Mazandarana pəhləvanın görüşünə getdim. Noyabrın 7-də İranın Mazandaran vilayətinin, Qaimşəhr şəhərində Olimpiya və dünya çempionu İmaməli Həbibinin bağında onun qonağı oldum. 81 yaşlı bu ağsaqqal idman qəhrəmanı çox böyük sevinclə məni qarşıladı. Onun haqqında yazdığım "Mazandaran pələngi İmaməli Həbibi" adlı kitabı şəxsən özünə təqdim etdim. Pəhləvanın sevincindən gözləri yaşardı və Bakının simvollarını əks etdirən xatirə hədiyyələrini ona təqdim etdim. Dedi ki, mən bu hədiyyələr üçün öz muzeyimdə bir Azərbaycan guşəsi düzəldəcəm və orada saxlayacağam. Bildirdi ki, onun haqqında Azərbaycan dilində kitab yazılmasından çox şad olub. Azərbaycanı çox sevdiyini deyən pəhləvan, bizim məşhur pəhləvanımız İbrahimpaşa Dadaşovla güləşdiyini xatırlatdı. Bildirdi ki, İbrahimpaşa çox istedadlı və güclü pəhləvan olub".

Xəbər 6163 dəfə oxundu.