Azərbaycan yığmasının baş məşqçisi: Növbəti oyunu düşünməliyik
“Oyun kifayət qədər gərgin keçdi. Hesabda 2 top fərqi ilə önə keçsək də, üstünlüyümüzü qoruya bilmədik. Rəqib bu gün bizdən daha yaxşı oynadı, qol epizodları çox oldu”.

Bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün seçmə mərhələsində səfərdə Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis komandasının sona qədər mübarizə apardığını və meydanda əlindən gələni etdiyini bildirib: “Beşin dördə oynayan zaman şanslarımız oldu, amma fərqlənə bilmədik. Növbəti oyunu düşünməliyik. Bakıda Rumıniya ilə qarşılaşacağıq. Bu matçda qələbə qazanmalıyıq ki, mübarizəni davam etdirmək imkanımız olsun".

O, Rumıniya ilə görüşə itkilərlə çıxacaqlarını vurğulayıb: "Bu gün sarı vərəqə alan Eduardo Borges cəzalı duruma düşdü. Əvəzində analoji səbəbdən Astanadakı oyunu buraxan Felipinyo komandaya qoşulacaq”.

Xəbər 89 dəfə oxundu.