Kurban Berdıyev: “Neftçi” komanda olaraq güclüdü”
“Rubin”in baş məşqçisi Kurban Berdıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi Bakıda mətbuat konfransı keçirib. Jurnalistlərin suallarını cavablandıran Berdıyev Hacıyevdən fərqli olaraq komandanı ruhlandırmağa ehtiyac olmadığını bildirib:
- Çətin oyun olacaq. “Neftçi” evdə daha yaxşı oynayır. Öz azarkeşlərinin dəstəyi sayəsində daha fəal oyun sərgiləyirlər. Amma biz oyuna ciddi hazırlaşırıq.
- “Neftçi”nin heyətində çəkindiyiniz əsas futbolçu kimdi?
- Heç kimi xüsusi qeyd etmək istəmirəm. “Neftçi” komanda olaraq güclüdü.
- Deyilənə görə, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun qışda “Rubin”ə keçidi 99 faiz həll olunub…
- Faiz barədə ilk dəfə sizdən eşidirəm. Abışov indi nə “Neftçi”də, nə də “Rubin”dədi. Düzdü, o, bizdə olmuşdu, bəyənmişdim. İndi isə yalnız sabahkı oyundan danışmaq istərdim.
- “Neftçi”nin baş məşqçisi adətən iddialı açıqlamaları ilə futbolçularını ruhlandırır. Bəs siz?
- Bizim futbolçular peşəkardır. Onlar bu turnirin əhəmiyyətini yaxşı başa düşürlər. Artıq nəsə deməyə ehtiyac yoxdu.
- “Neftçi”dən cavab oyununda nə gözləyirsiz?
- İlk oyun çox gərgin keçmişdi. Şübhəsiz ki, bu dəfə də çətin olacaq.
- Rusiyada belə hesab edirlər ki, “Rubin” Bakıda çox güc sərf etmədən də qələbə qazana bilər…
- Mən bu fikirlərlə razı deyiləm. Bizə asan olmayacaq.
- Bakıda mümkün məğlubiyyət faciə olmayacaq ki?
- Qarşıda üç oyunumuz var. Onların hamısından qələbə ilə ayrılmaq istəyirik.

Xəbər 952 dəfə oxundu.