Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçiriləcək Olimpiadada idmançıların hicab geyinməsi məsələsinə aydınlıq gətirib
Parisdə keçiriləcək 2024-cü il Yay oyunlarının iştirakçıları Olimpiya kəndində hicab və digər dini simvolları məhdudiyyətsiz geyinə bilərlər, eyni zamanda yarışlarda onların istifadəsi beynəlxalq federasiyalar tərəfindən tənzimlənəcək. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) idmançılar komissiyasının üzvü Astrid Yakobsen məlumat verib.

Sentyabrın əvvəllərində Fransa idman naziri Ameli Udea-Kastera bildirib ki, ölkənin olimpiya yığmasının üzvü olan fransalı idmançılara Olimpiya oyunlarında hicab geyinmək qadağan ediləcək.

“BOK və BOK idmançılar komissiyası adından Olimpiya kəndində hicabın və ya hansısa digər dini simvolların geyinməsinə heç bir məhdudiyyətin qoyulmayacağı barədə sizə məlumat verməyi çox vacib hesab edirəm. Yarışlara gəldikdə, onların keçirilməsi zaman konkret beynəlxalq federasiya tərəfindən tətbiq edilən qaydalar qüvvədə olacaq”, - deyə Yakobsen qeyd edib.

“Lakin Oyunların Fransada keçirildiyinə görə, fransalı idmançılar yerli qanunların təsiri altına düşür, buna görə də BOK bu vəziyyətə aydınlıq gətirmək üçün Fransa hakimiyyət orqanları və Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edəcək. Olimpiya oyunlarında BOK qaydalarının hamıya şamil olunması vacibdir”, - deyə o vurğulayıb.

Olimpiada iyulun 26-dan avqustun 16-na qədər Parisdə keçiriləcək, BOK Rusiya və Belarusdan olan idmançıların Oyunlarda çıxışı barədə qərarı hələ qəbul etməyib, hələ ki, təşkilat onların yalnız neytral statusda beynəlxalq startlara buraxılmasını tövsiyə edib.

Xəbər 106 dəfə oxundu.