Bu gün Çində XIX Asiya oyunları start götürəcək
Sentyabrın 23-də axşam saatlarında Çinin Hançou şəhərindəki “Böyük lotos” stadionunda XIX Asiya oyunlarının açılış mərasimi baş tutacaq.

Oyunları Çin sədri Si Cinpin açıq elan edəcək.

Mərasim üç hissəyə bölünəcək – “Milli adətlərin lütfü”, “Çyantan çayında qabarma” və “Əl-ələ gəzinti”. Təşkilatçıların sözlərinə görə, mərasim zamanı atəşfəşanlıq rəqəmsal formatda, məşəlin yandırılması isə online formatda keçiriləcək.

Səksən min tamaşaçı tutumuna malik “Böyük lotos” stadionu Asiya oyunlarının əsas arenası olacaq. Oyunların bağlanış mərasimi də həmin stadionda keçiriləcək.

Çin artıq üçüncü dəfədir ki, Asiya oyunlarına ev sahibliyi edir. Belə ki, oyunlar 1990-cı ildə Pekində, 2010-cu ildə isə Quançouda keçirilib.

Qeyd edək ki, sentyabrın 23-dən oktyabrın 8-dək Hançou şəhərində keçiriləcək XIX Asiya oyunlarında idmançılar 40 idman növündə mübarizə aparacaq.

Xəbər 110 dəfə oxundu.