Azərbaycanın finala çıxmış güləşçisi: Çox həyəcanlı idim
Çox gözəl hisslərdir. Düzdür, daha öncə də dünya çempionatının finalına çıxmışam. Bu yarış mənim üçün çox vacib idi. Bir neçə yarışda müəyyən səbəblərə görə nəticə verə bilmirdim. Komanda yoldaşlarım da, məşqçilərimiz də bilir ki, mən yarışlara necə hazırlaşırdım. Sadəcə, bəzi səbəblərdən alınmırdı. Ancaq bu dünya çempionatında sözümü dedim. Finala çıxdım və Olimpiadaya vəsiqə qazandım.

Bu sözləri Serbiyada keçirilən güləş üzrə dünya çempionatında finala yüksələrək həm də Olimpiadaya lisenziya əldə edən Sənan Süleymanov (77 kiloqram) bu uğurla bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə təəssüratını bölüşərkən deyib.

Güləşçi növbəti görüşdə qırğızıstanlı Akjol Mahmudovla qarşılaşacağını bildirib: “Revanş almağa çalışacağam. Ən böyük arzum dünya çempionu olmaqdır. Bu gün 5 görüş keçirdim. Hamısı çox çətin oldu. Əsas da ilk görüşü qeyd edərdim. Finlandiyalı güləşçi U-23 dünya çempionu idi. Gizlətmirəm, ilk qarşılaşmadan öncə çox həyəcanlı idim. Çünki son yarışlarda uğur qazana bilmirdim. Daha sonra ABŞ güləşçisi ilə üz-üzə gəldim. Təhlükəli rəqib idi. Onu da keçdikdən sonra həm fiziki, həm də taktiki-texniki cəhətdən güclü olan Moldova idmançısı ilə qarşılaşdım. Hər görüşə uyğun taktika seçirdim. Görüş ərzində aktiv güləşməyə çalışırdım ki, hakimlərin əleyhimə qərarlar çıxarmasına şans verməyim. Əvvəldən sona kimi mübarizə apardım. İstədiyim güləşi göstərə bildim. Mən uduzanda belə yanımda olan hər kəsə təşəkkürümü bildirirəm. Bu uğurumu onlara həsr edirəm”.

O, İslam Oyunlarının finalında parter vəziyyətinə görə məğlub olduğu qırğızıstanlı idmançıya bu dəfə qalib gəlməyə çalışacağını vurğulayıb: “Bura çempion olmağa gəlmişəm. Ümid edirəm ki, qalib gəlməklə həm arzumu yerinə yetirərəm, həm də qələbəmi xalqımıza həsr edərəm”.

Xəbər 83 dəfə oxundu.