Vitali Borisov: Üç xalı itirən tərəf biz olduq
Uşaqlar pis oynamadılar. Sona qədər mübarizə apardıq. Rəqib qapıçı çox yaxşı dayandı. İki standart vəziyyətdən və bir səhvdən qollar buraxdıq.

Bu sözləri futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit-raund mərhələsində səfərdə Rumıniya yığmasına 1:3 hesabı ilə uduzduqları oyundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, futzalda standart vəziyyətlər matçın nəticəsinin 70 faizini müəyyənləşdirir: “Rəqib bundan maksimum istifadə etdi, biz isə yararlana bilmədik. Yenə deyirəm, komandamdan narazı deyiləm. Əllərindən gələni etdilər ki, məğlubiyyətdən qaçaq. Statistik göstəricilər komandamızın tərəfində olsa da, 3 xalı itirən tərəf biz olduq”.

Baş məşqçi sentyabrın 20-də Bakıda Niderland seçməsinə qarşı keçirəcəkləri oyuna ciddi hazırlaşacaqlarını vurğulayıb: “Hələ mübarizə başa çatmayıb və heç nə məlum deyil. Oyunların çoxu qarşıdadır”.

Xəbər 96 dəfə oxundu.