Azərbaycan Premyer Liqası: “Zirə” klubu “Sumqayıt”a qalib gəlib
Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura start verilib.

Açılış oyununda lider “Zirə” dördüncü pillədə qərarlaşan “Sumqayıt” komandasını qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilən matç “qartallar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 10-cu dəqiqədə meydan sahiblərinin heyətində Pyer Zebli birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Oyunda yeganə qolu isə ilk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Məqsəd İsayev vurub. Sol cinah müdafiəçisi baxımlı zərbə ilə komandasına 3 xal qazandıran qolun müəllifi olub.

Bu qələbədən sonra xallarını 15-ə çatdıran “Zirə” komandası liderliyini davam etdirir. Yeddi xalı olan “Sumqayıt” isə dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, VI turun “Kəpəz” – “Səbail” və “Araz-Naxçıvan” – “Neftçi” oyunları sentyabrın 16-da, “Turan-Tovuz” – “Qəbələ” və “Qarabağ” – “Sabah” matçları isə sentyabrın 17-də keçiriləcək.

Xəbər 105 dəfə oxundu.