Hacı Əliyev: Əsas hədəfim dünya çempionu olmaqdır
Düşünürəm ki, komanda yoldaşlarımızın hər biri yaxşı formadadır. Çünki ilboyu həm ölkə xaricində, həm də Vətəndə birlikdə təlim-məşq toplanışı keçmişik. Buna görə də komandanın tam hazır olduğuna inanıram.

Bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev (65 kiloqram) sentyabrın 16-dan 24-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Güləşçi sonuncu dəfə Avropa çempionu olanda fiziki vəziyyətinin pis olmadığını vurğulayıb: “Ancaq düşünürəm ki, o zaman indi olduğum formada deyildim. Mənə elə gəlir ki, indi nisbətən daha yaxşıyam. Nəticəni yarış göstərəcək. Mundialda çox fərqli görüşlər ola bilər. Buna baxmayaraq, tam hazıram və uğurlu nəticə əldə etmək üçün əlimdən gələni edəcəyəm.

O, əsas hədəfinin dünya çempionu olmaq və Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu bildirib: “Bir neçə rəqib var ki, keçən ilki dünya çempionatından bəri onlara qəzəbliyəm. Qələbədən sonra etdikləri sevinc hərəkətləri mənə psixoloji olaraq mənfi təsir göstərmişdi. Bu dəfə çalışacağam ki, heç birinə şans verməyim”.

H. Əliyev hər yarışda hakimlər tərəfindən haqsızlığa məruz qaldığını qeyd edib: “ Xüsusilə, Azərbaycan idmançılarına qarşı haqsızlıqlar çox edilib. Astanada mənə edilən haqsızlığı isə artıq unutmuşam”.

Xəbər 114 dəfə oxundu.