Millimizin baş məşqçisi: Əsas tapşırıq Avropa çempionatı ilə bağlıdır
Avqustun 23-dən məşqlərə başlamışıq. Ona qədər Belarusda keçirilən turnirdə iştirak etdik. Geri döndükdən sonra heyətin demək olar, əksəriyyətini dəyişdik. Çünki yaşla əlaqədar həmin futzalçılar növbəti seçmə mərhələdə bizə kömək edə bilməyəcəklər.

Bu sözləri 2023-2024-cü illər mövsümündə Yüksək Liqada çıxış edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlqar Aslanov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, növbəti seçmə mərhələdə komandaya kömək etmələri üçün ölkə çempionatında 2006-2007-ci il təvəllüdlü oyunçulara üstünlük verəcəklər: “Təxminən 20-yə yaxın futzalçı məşqlərdə iştirak edir. Seleksiya xarakterli hazırlıq prosesində iştirak edənlər arasında ötən il U-17-nin formasını geyinən futzalçılar da var. Yeniləri də sınadıq ki, görək güclü olanları varsa, komandaya dəvət edək”.

O, seçim imkanının az olduğunu vurğulayıb: “Komandanın adı U-19 olsa da, üzvlərimizin hamısı 16-17 yaşlılardır. Əlbəttə, çətin olacaq. Digər tərəfdən Yüksək Liqa futzalçıların təcrübə toplaması, oyunlarda “bişməsi” üçün bir platformadır”.

İ.Aslanovun sözlərinə görə, komandanın əsas tapşırığı Avropa çempionatı ilə bağlıdır: “Klubları izləyirik, diqqətimizi cəlb edən oyunçular olur, danışırıq, komandaya dəvət edirik. Amma əksəriyyəti futbolu seçir. Yenə ruhdan düşmürük, işimizi davam etdiririk. Çalışırıq ki, 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə qədər yaxşı komanda quraq”.

Xəbər 93 dəfə oxundu.